Bank Of Baku

Azərbaycanın dərman bazarında 25%-dək bahalaşma qeydə alınıb

Azərbaycanın dərman bazarında 25%-dək bahalaşma qeydə alınıb
# 19 aprel 2007 09:32 (UTC +04:00)
APA-nın apteklərdə apardığı reyd zamanı məlum olub ki, qiymət artımı təxminən yanvardan-enerji daşıyıcılarının qiymətinin qalxmasından sonra müşahidə olunmağa başlayıb. Bəzi apteklərdə yanvar ayında qiymət artımı müşahidə edilməsə də, təxminən 1 ay sonra bahalaşma müşahidə olunub. Apteklərin çoxunda 25% qiymət artımı qeydə alınıb. Adi sterilə olunmuş pambığın qiyməti bir necə ay əvvəl 1500 manata satıldığı halda, indi pambığın qiyməti 2500 manatadək yüksəlib (təxminən 50%). Bahalaşma daha çox digər ölkələrdən gətirilən dərmanlarda qeydə alınıb. Azərbaycana dünyanın bir çox ölkəsindən 4000-nə yaxın adda dərman idxal edən “Avromed” şirkəti dərmanların qiymətində indiyə qədər baş verən artımın əsas səbəbini istehsal xərclərinin çoxalması ilə əlaqələndirir. Şirkətin meneceri Gülzarə Sadıqova APA-ya deyib ki, müxtəlif ölkələrdə dərman istehsal edən müəssisələr xammalların qiymətlərini artırdığından, eyni zamanda Azərbaycanda enerji daşıyıcılarının qiymətinin qalxması ilə əlaqədar nəqliyyat xərcləri çoxaldığından ölkəyə gətirilən dərmanların da qiymətlərində artım baş verib. Dərmanların qiymətinin bundan sonra artıb-artmayacağı barədə isə şirkət əvvəlcədən proqnoz verməkdə çətinlik çəkir.
Azərbaycanın ən böyük dərman idxalçısı olan “Liderfarm” Açıq Səhmdar Cəmiyyəti (ASC) dərmanların 95%-ni Avropa, qalanını isə Amerika ölkələrindən idxal edir. Respublikaya təxminən 4000 adda dərman gətirən “Liderfarm”ın sədri Sabit Xəlilov APA-ya bildirib ki, dərmanların hamısının qiymətində eyni səviyyədə artım qeydə alınmayıb. İdxal olunduğu ölkə ilə Azərbaycan arasındakı məsafədən asılı olaraq, bu artım fərqli olub. Daha uzaq ölkədən gətirilən eyni tərkibli dərmanların qiymətində artım çox, yaxın ölkədən gətirilən dərmanların qiymətində isə artım az olur. S. Xəlilovun sözlərinə görə, qiymət artımı hələlik bütün dərmanlarda özünü göstərməyib. Əvvəlki qiymətlərlə gətirilən və hazırda anbarda saxlanılan bəzi dərmanların qiymətlərində hələlik artım yoxdur. Onun sözlərinə görə, həmin dərmanların qiymətinin bahalaşmaması idxalçı şirkətlərin insafından da asılıdır. Ancaq elə şirkətlər olur ki, vəziyyətdən istifadə edərək, dərmanları bahalaşdırır. “Liderfarm”ın rəhbəri hesab edir ki, qiymətləri artırmağa məcburdurlar: “Enerji daşıyıcılarının qiyməti artığından nəqliyyat və digər xərclər də artıb. Bu xərcləri ödəmək, eyni zamanda işçilərin əmək haqlarını vaxtında vermək üçün qiymətləri 5-15% artırmışıq”.
Azərbaycanın yerli dərman istehsalçısı olan “Azərfarm” MMC isə qiymətləri hələ qaldırmayıb. “Azərfarm”ın satış şöbəsinin əməkdaşı Emin Zahidlinin APA-ya verdiyi məlumata görə, bazardakı rəqabətə davam gətirə bilmələri üçün dərmanlarını əvvəlki qiymətlərlə satırlar. Bu qiymətlər isə hazırda ölkəyə digər ölkələrdən gətirilən keyfiyyətsiz dərmanların dəyərinə bərabərdir. E. Zahidli deyib ki, qiymətlərin artırılmaması 1999-cu ildən fəaliyyətə başlayan bir müəssisənin iflasa uğramasına gətirib çıxara bilər. Bunun üçün də dərmanlarının qiymətinin artırılacağı istisna edilmir. Artım barədə birdən-birə qərar vermək istəməyən şirkət hələlik bunun üçün real variantlar axtarır.
“Azərfarm”dan fərqli olaraq, digər yerli istehsal müəssisəsi olan “Azərsintez” Türkiyə-Azərbaycan Birgə Müəssisəsi artıq qiymətləri qaldırıb. “Azərsintez”in direktor müavini Məhəmməd Meyxanımov APA-ya deyib ki, enerji daşıyıcılarının qiymətinin qalxması ilə əlaqədar yanvardan indiyədək qiymətləri 20% artırıblar. Onun sözlərinə görə, bundan sonra artımın olub-olmayacağı dövlətin qərarından asılıdır. Əgər hökumət yenidən qiymət artımı barədə qərar çıxarsa, qiymət növbəti dəfə artırıla bilər.
Qeyd edək ki, hazırda yerli istehsal müəssisələrinin Azərbaycanın dərman bazarında tutduğu yer çox azdır. Yerli müəssisələr alıcılara çox az dərman satdığından Azərbaycan dərmana olan tələbatının 90%-dən çoxunu idxal hesabına ödəyir. Gətirdiyi dərmanların qiymətini daha çox öz xərclərinə görə təyin edən idxalçı şirkətlərin tarif siyasətinə isə dövlət müdaxilə edə bilmir. Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzindən də APA-ya bildirilib ki, onlar yalnız dərmanların keyfiyyətinə və təhlükəsizliyinə nəzarət edirlər. Qiymət siyasətinə nəzarətin həyata keçirilməsi bu quruma həvalə edilmədiyindən onlar dərmanların ucuzlaşdırılması üçün tədbirlər görə bilmirlər.
Ancaq son vaxtlar baş verən bahalaşma dövlətin bu məsələyə müdaxiləsini artıq labüd edib. Nazirlər Kabinetinin maliyyə və kredit siyasəti şöbəsinin müdiri Oqtay Haqverdiyev APA-ya deyib ki, ilin sonuna qədər artımın qarşısı alına bilər. Bunun üçün ilk növbədə hökumət monetar tədbirlər - pul-kredit sahəsində sərtləşdirici tədbirlər, manatın sterilizasiyası, qiymətli kağızların buraxılması, pul kütləsinin banklara cəlbi istiqamətində işlər aparılmalıdır. Əgər bu tədbirlər səmərəli həyata keçirilsə, bu ilin I rübündə 16,6% qeydə alınan inflyasiyanı 2007-ci il üçün proqnozlaşdırılan 9%-dək salmaq olar. Bu isə öz növbəsində ilin sonuna kimi qiymətlərin aşağı düşməsinə, o cümlədən dərmanların ucuzlaşmasına gətirib çıxarar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR