Bank Of Baku

Ceyhun Hacıbəyli küçəsinin bir qrup sakini Bakı Şəhər İcra Hakimiyyəti qarşısında aksiya keçirməyə cəhd göstərib

Ceyhun Hacıbəyli küçəsinin bir qrup sakini Bakı Şəhər İcra Hakimiyyəti qarşısında aksiya keçirməyə cəhd göstərib
# 07 iyun 2007 10:11 (UTC +04:00)
Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi-62 ünvanında yaşayan bir qrup sakin bu gün Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyə cəhd göstərib. APA-nın məlumatına görə, buna səbəb sözügedən ünvanda yerləşən binanın qarşısında qeyri-qanuni villanın tikilməsidir. Həmin binanın sakini İmran Nuriyev jurnalistlərə bildirib ki, yaşadıqları bina vaxtilə Yol Tikinti Nazirliyi tərəfindən tikilib və sakinlər üçün ayrılmış ərazidə uşaq meydançası, futbol, basketbol meydançaları, su hovuzu və yaşıllıq var: “Amma Nərimanov Rayon İcra Hakimiyyəti və polisin iştirakı ilə orada villa tikilir. Bir çox orqanlara müraciət etsək də, şikayətə baxılmır. Həmin villanın tikilməsi üçün verilən sərəncamda ünvan Ceyhun Hacıbəyli 56-58 göstərilib. Amma qeyri-qanuni olaraq villa bizim binanın qarşısında tikilir. Bir adamın rifahı yüzlərlə adamın narahatlığı hesabına başa gəlir”. Sakinlər sözügedən villanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova aid olduğunu iddia ediblər. Polis aksiyaya icazə vermədiyi üçün sakinlər Bakı Şəhər İcra Hakimiyyətinin Şəhərsalma və Arxitektura İdarəsinin rəhbəri Akif Abdullayevlə görüşüblər. Görüşdən sonra jurnalistlərə açıqlama verən Ənnağı Tağıyev bildirib ki, A. Abdullayev villanın sərəncamda göstərilən yerdə tikilmədiyini bildirib və artıq bir mərtəbəsi tikilmiş evin söküləcəyini deyib: “Bizə söz verdi ki, həmin tikinti söküləcək. Amma bundan əvvəl icra başçısı da bizə söz vermişdi ki, tikinti dayanacaq. Əksinə, onun bu sözündən sonra ərazidə 100-ə yaxın dekorativ ağac qırıldı. Akif Abdullayev iki gün ərzində məsələnin həll olunacağını və sökülmə prosesinin başlanacağını dedi. O hətta dedi ki, gedib özünüz də sökə bilərsiniz, polis müqavimət göstərsə, bizə xəbər verin”. Sakinlər iki gün müddətində gözləyəcəklərini, vədin yerinə yetirilməyəcəyi halda yenidən aksiyalar başlayacaqlarını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR