Bank Of Baku

Zərərçəkmiş Kənan Quliyev: “Ramal Amanovun azadlıqda olması mənim həyatıma təhlükədir”

Zərərçəkmiş Kənan Quliyev: “Ramal Amanovun azadlıqda olması mənim həyatıma təhlükədir”
# 20 may 2008 17:32 (UTC +04:00)
Bakı. Samir Kazımlı - APA. “2008-ci ildən bir idmançı kimi Vüqar Ələkbərovla tanış olmuşuq. O, bizim Abşeron rayonunda yerləşən “İnşaatçı-E” şirkətinə gəlib-gedirdi. Ona idmançı kimi hörmət edirdik. Bu ilin aprelində Vüqar Ələkbərov Azərbaycanın həbsxanalarında cəza çəkən idmançı dostlarına pul lazım olduğunu dedi. Mən isə buna görə ona 1500 dollar verdim. Bir həftədən sonra o, yenidən bizdən bu adla 3500 dollar pul istədi. Ona həmin miqdarda pulu verdik. Artıq bu, ənənə halını alırdı. Vüqar Ələkbərov elə bilirdi ki, biz işləyib ona pul verməliyik”. Bu sözləri APA-ya Bakı şəhəri, Səbayel rayonu Batamdar qəsəbəsinin sakini, “İnşaatçı-E” şirkətinin təsisçisi və mayın 16-da boksçu, Sidney Olimpiadasının bürünc medalçısı V. Ələkbərov tərəfindən hədələrə məruz qalan Kənan Quliyev deyib.
K. Quliyevin sözlərinə görə, V. Ələkbərov dəfələrlə ona zəng vuraraq pul istəyib. K. Quliyev isə pulu olmadığını deyib. Zərərçəkmişin sözlərinə görə, bundan sonra Vüqar Ələkbərov hədə-qorxu gələrək ondan pul almağa cəhd edib: “Mayın 16-da saat 20.00 radələrində “Toyoto-Prado” markalı avtomobilimdə sürücüm İldırım Mirzəyevlə birlikdə Səbayel ərazisindəki “Qurd Qapısı” restoranının qarşısından keçirdik. Vüqar Ələkbərov özünün idarə etdiyi avtomobillə mənim maşınımın qarşısını kəsdi. Ramal Amanov sürücümə zor tətbiq edərək avtomobildən yerə endirdi. Onlar 4 nəfər idilər. Bizi təhqir edəndən sonra bildirdilər ki, onlara 10 min dollar pul verməliyəm. Ramal Amanovla Vüqar Ələkbərov sürücümü və məni döyərək xəsarət yetirdilər. Sürücümlə məni Vüqarın avtomobilinə basaraq, orada hədə-qorxu gəlməyə başladılar. Sonra Ramal Amanov mənim avtomobilimi idarə edərək, hadisə yerindən uzaqlaşdı. Vüqar Ələkbərov bizi avtomobilinə əyləşdirdikdən sonra Ələsgər Ələkbərov küçəsinə apardı. O, bizi yenidən hadisə baş verən yerə qaytaranda mən sürücümlə birlikdə özümüzü avtomobildən yerə atdıq. Vüqar avtomobili saxlayıb bildirdi ki, əgər onunla bağlı polisə müraciət etsəm və axşam saat 10-da Mirəli Qaşqay küçəsində yerləşən “Bosfor” kafesinə gəlib, ona 10 min dollar verməsəm, yaxınlarımın və ailə üzvlərimin başını kəsdirəcək”. K. Quliyev bildirib ki, başına gələn hadisə haqqında və təhlükəsizliyini təmin etməsi üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib və keçirilmiş əməliyyat tədbirləri nəticəsində V. Ələkbərov saxlanılıb.
K. Quliyev onu da əlavə edib ki, Ramal Amanovun azadlıqda olmasından çox narahatdır: “Mən anlaya bilmirəm ki, Ramal Amanov nəyə görə azadlıqdadır? O, məni döyüb, maşınımı əlimdən alıb. Əgər daxili işlər orqanları Ramal Amanovun barəsində tədbir görməsələr, mən cənab prezident İlham Əliyevə məktubla müraciət edəcəyəm. Çünki Ramal Amanovun azadlıqda olması mənim həyatıma təhlükədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR