Bank Of Baku

Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlanıb - FOTO

Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlanıb - FOTO
# 21 oktyabr 2026 15:11 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində ilk dəfə olaraq cins damazlıq heyvanların paylanılmasına start verilib.

​APA-nın Qarabağ bürosunun xəbərinə görə, proqram çərçivəsində ilk aktivlər – "Simmental" və "Holstein" cinslərinə aid inəklər Ağdam, Xocalı və Laçın rayonlarının sakinlərinə təqdim olunub.

Hər bir sakinə 2 baş cins damazlıq inək verilib.

​Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov jurnalistlərə müsahibəsində bildirib ki, proqram çərçivəsində heyvandarlıq zərfi üzrə bir ilkə imza atılır:

​"İlk dəfə olaraq Azərbaycanda vətəndaşlarımıza 'Simmental' və 'Holstein' sortlarına olan cins inəklər təsərrüfatlarına veriləcək. Biz bunu ilk dəfə həm bu sortlarla başlayırıq, həm də ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə başlayırıq. Biz bu torpaqların potensialına böyük inam bəsləyirik. İlk olaraq 30 ailəmizə bu heyvanlar təqdim edildi".

​H. Abbasov vurğulayıb ki, bu cinsdən olan heyvanlar xüsusi tövlə və baxım şəraiti tələb edir:

​"Bu proses ciddi bir vaxt, əmək tutumlu işdir. Çünki bu 'Simmental' və 'Holstein' cinsinə olan heyvanlar tövlə şəraiti, baxım şəraiti xüsusi həssaslıq tələb edir. Ona görə də Aqrar Xidmətlər Agentliyinin komandası ilə bərabər monitorinqlər həyata keçirmişik, qiymətləndirmələr aparmışıq, ən uyğun olan təsərrüfatlara, ailələrə bu gün bu proses çərçivəsində bu aktivlər verildi. Xeyirli, bərəkətli olsun, vətənimizə, millətimizə uğur gətirsin".

​Ağdam rayonunun Xıdırlı kəndində cins heyvanların verilməsi tədbirində bildirilib ki, cins damazlıq heyvanların paylanışına işğaldan azad edilmiş ərazilərdən başlanması təsadüfi deyil.

​Çünki işğaldan azad edilmiş rayonlar yenidən canlanır, iqtisadiyyat bərpa olunur və yerli əhali öz işlərini qurur. Özünüməşğulluq proqramı isə bu yenidənqurma və dirçəliş prosesində bir dəstəkdir.

​Ümumilikdə, işğaldan azad edilmiş ərazilərə köçürülmüş şəxslərdən bugünədək 1116 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb. Bu bizneslərin 661-i kənd təsərrüfatı, 455-i isə istehsal və xidmət istiqamətləri üzrədir.

​Cins heyvandarlıq üzrə aktivlərin təqdim edilməsi özünüməşğulluq proqramına cəlb olunan sakinlərin təsərrüfat fəaliyyətinin inkişafına, məhsuldarlığın artırılmasına və dayanıqlı gəlir imkanlarının formalaşdırılmasına dəstək məqsədi daşıyır.

​Yeni zərf üzrə aktivlərin təqdim olunması növbəti günlərdə Xocavənd və Ağdərə rayonlarında davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR