Azad edilmiş ərazilərdə indiyədək təxminən 300 000 hektar minalardan təmizlənib.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında keçirilən panel sessiyadakı çıxışında deyib.
Qeyd olunub ki, proses nəticəsində 43 000 ədəd mina və 24 000-dən çox partlayıcı qurğu məhv edilib.
“İllik hədəfimiz 65 000 hektar ərazinin minalardan təmizlənməsidir. Hər il ərazilərin minalardan təmizlənməsi üzrə qarşımıza müəyyən hədəf qoyuruq. Ötən il 1 600 000 hektardan çox ərazinin təmizlənməsi ilə bağlı rekord göstəriciyə nail olmuşuq. Bu il üçün də hədəfimiz 65 000 hektardır və hazırda bunun təxminən 50 000 hektarını artıq həyata keçirmişik”, - Samir Poladov bildirib
O qeyd edib ki, ANAMA müxtəlif tərəfdaşlarla əməkdaşlıq edir. Ümumilikdə, humanitar əməliyyatlara cəlb olunan 4 500-dən çox əməkdaş var:
“İşimizin bir hissəsi ərazilərin minalardan təmizlənməsi və istifadəyə qaytarılması ilə yanaşı, minaların və partlayıcı qurğuların yarada biləcəyi potensial təhlükələr barədə maarifləndirmə işlərinin aparılmasından ibarətdir”.