İyulun 17-də saat 12:00 radələrində 2 azyaşlı şəxs (biri kişi, digəri qadın cinsi olmaqla) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən APA-ya verilən məlumata görə, daxil olan xəstələrin birində beyin əsasının sınığı, sol alın payında hematoma və gicgah sümüyünün sınığı diaqnozu təyin olunub, vəziyyəti ağır qiymətləndirilir. Digər şəxsin yüngül xəsarətlərlə tibb müəssisəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Elgün Gəncimsoy
***
14.10
Goranboyda baş verən yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü Ayşən Məmmədovanın idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücünün qızı 2018-ci il təvəllüdlü F. Məmmədli və anası, Daşkəsən rayon Bayan kənd sakini 1958-ci il təvəllüdlü Nəsibə Nağıyeva hadisə yerində ölüb. Sürücünün iki övladı - 2016-cı il təvəllüdlü Ə. Məmmədli və 2021-ci il təvəllüdlü A. Məmmədli xəsarətlərlə Yevlax rayon xəstəxanasına çatdırılıb. Sürücünün yüngül xəsarət aldığı bildirilir.
***
12.47
Xəbərə foto əlavə olunub.
***
12.22
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Hyundai" markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə minik maşını yolun kənarına aşıb. Qəza nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin xəsarət aldığı bildirilir.
Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə Yevlax xəstəxanasına aparılıb.