“Dublində keçirilən Avropa Siyasi Birliyinin sammitində Prezident İlham Əliyevin iştirakı Azərbaycana və onun liderinə olan diqqətin göstəricisidir”.
Bunu APA-ya Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti, ölkəmizin enerji və nəqliyyat təhlükəsizliyində rolu, eləcə də 2028-ci ildə Bakıda keçiriləcək sammitin əhəmiyyəti ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
Avropanın düşdüyü çətin vəziyyətin səbəblərindən biri lider problemidir
Deputat Dublində Avropa Siyasi Birliyinin 50-dən çox ölkə liderinin iştirakı ilə keçirilən sammitin tarixi əhəmiyyət daşıdığını bildirib: “Hazırda Avropa Siyasi Birliyi, Avropa İttifaqı və bütövlükdə Avropa qitəsi ciddi böhranlarla üz-üzədir. Rusiya-Ukrayna müharibəsi Avropa qitəsinin təhlükəsizliyini təhdid edir, Yaxın Şərqdəki münaqişə və İran ətrafında yaranmış vəziyyət isə Avropa İttifaqının enerji təhlükəsizliyinə ciddi təsir göstərir. Belə bir şəraitdə Avropa Siyasi Birliyinin Azərbaycan kimi güclü tərəfdaşa və Prezident İlham Əliyev kimi güclü liderə ehtiyacı var. Dublində Prezident İlham Əliyevin iştirakı Azərbaycanın və onun liderinin Avropada diqqət mərkəzində olduğunun göstəricisidir. Azərbaycanla əməkdaşlıq etmək, ölkəmizi tərəfdaş kimi görmək Avropa Siyasi Birliyinin prioritetlərindən biridir”.
Onun sözlərinə görə, Azərbaycanın Avropa üçün əhəmiyyəti, ilk növbədə, böyük Avrasiya regionunda sabit və təhlükəsiz coğrafiya olması ilə bağlıdır. Orta Dəhliz, Şərq-Qərb marşrutu və Azərbaycanın tranzit habına çevrilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Tural Gəncəliyev vurğulayıb ki, Avropa Siyasi Birliyinin marağı yalnız Avropa İttifaqının 27 üzv ölkəsi ilə məhdudlaşmır. Birlik Avropa qitəsinin daha geniş coğrafiyasında Azərbaycanla strateji münasibətləri inkişaf etdirmək niyyətindədir.
O bildirib ki, Azərbaycan Avropa İttifaqının 10 üzv ölkəsinin enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir, eyni zamanda Avropa İttifaqının bir sıra güclü dövlətləri ilə strateji tərəfdaşlıq sənədləri imzalayıb.
Deputatın fikrincə, Avropa İttifaqı yalnız 27 üzv ölkəsinin imkanları ilə böyük böhranların və təhdidlərin öhdəsindən gəlməyin mümkün olmadığını anlayır. Buna görə də Avropa qitəsində İttifaqdan kənarda yerləşən, lakin güclü siyasi və iqtisadi potensiala malik tərəfdaşlara ehtiyac var.
“Avropanın hazırda lider problemi var. Avropanın düşdüyü çətin vəziyyətin səbəblərindən biri də məhz lider məsələsidir. Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ və Rusiya arasında aparılan proseslərdə Avropa İttifaqının güc mərkəzi kimi kənarda qalması bunu bir daha göstərir. Avropa Siyasi Birliyinə və Avropa İttifaqına yeni nəfəs, yeni qan lazımdır. Söhbət güclü və ağıllı siyasəti ilə yanaşı, böyük resursları birləşdirən coğrafiyada sabit keçidi təmin edən Azərbaycandan gedir”, - deyə o bildirib.

Azərbaycan Avropa ilə Asiya arasında birləşdirici halqadır
Tural Gəncəliyev Azərbaycanın Avropa Siyasi Birliyi üçün strateji əhəmiyyətini şərh edərkən ölkəmizin coğrafi mövqeyinə və birləşdirici roluna xüsusi diqqət çəkib.
O qeyd edib ki, Azərbaycan Avropa ilə Asiya, türk dünyası, Türk Dövlətləri Təşkilatı, MDB məkanı və böyük Avrasiya regionu arasında mühüm bağlantı nöqtəsidir.
Deputat bildirib ki, hətta Gürcüstan və Ermənistan üzərindən nəzərdə tutulan marşrutlara baxdıqda belə, bu coğrafiyaların kəsişmə nöqtəsində Azərbaycanın açar və bağlayıcı rolu dayanır.
Onun sözlərinə görə, böyük Avrasiya regionunun Mərkəzi Asiyada yerləşən mühüm resurslarının, yüksək texnologiyalar, çip və nanotexnologiya sahələri üçün əhəmiyyətli məhsulların daşınması da Azərbaycanın iştirakı və ölkəmiz üzərindən mümkün olur.
“Azərbaycan Xəzər hövzəsini, Böyük Qafqazı Qara dəniz, Aralıq dənizi və beləliklə, Avropa ilə birləşdirən məkandır. Azərbaycan Asiyanı Avropa ilə birləşdirir. Uzaq Şərqdən minlərlə kilometr məsafə qət edərək Orta Dəhliz vasitəsilə gələn yüklərin Ermənistan və Türkiyə üzərindən Avropaya çıxışında Azərbaycan əsas ölkədir. Bütün bu coğrafi və siyasi hesablamalarda ilk ağıla gələn ölkə Azərbaycandır”, - deyə deputat vurğulayıb.
O əlavə edib ki, Prezident İlham Əliyevin strateji xarici siyasət vizyonu da Avropa liderlərinin diqqətini cəlb edir.
2028-ci ildə sammitə ev sahibliyi etməsi Azərbaycanın siyasi çəkisini təsdiqləyir
Tural Gəncəliyev Azərbaycanın 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi etməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
Deputat qeyd edib ki, Azərbaycan Ermənistanda keçirilən əvvəlki sammitə etiraz etməməklə və qarşılıqlı razılaşma əldə etməklə növbəti sammitin ölkəmizdə keçirilməsinə nail olub.
Onun sözlərinə görə, Azərbaycan bununla türk gündəliyini də Avropa Siyasi Birliyinin gündəliyinə daxil edib.
“Avropa Siyasi Birliyinin böhranlar içərisində olduğu bir vaxtda Azərbaycan türk gündəliyi ilə Avropanın gündəliyinə müsbət bir məqam gətirmiş oldu. Hesab edirəm ki, türk gündəliyi hazırda Avropanın istədiyi ən önəmli məsələlərdən biridir”, - deyə o bildirib.
Deputat hesab edir ki, Azərbaycanın 2028-ci ildə sammitə ev sahibliyi etməsi ölkəmizin Avropa qitəsində güc mərkəzi kimi formalaşdığını, təkcə Avropada deyil, qlobal siyasətdə də söz sahibi olduğunu bir daha təsdiqləyir.
Strateji əməkdaşlıq Bəyannaməsi: Britaniya özünə güclü partnyor kimi Azərbaycanı seçdi
Tural Gəncəliyev Prezident İlham Əliyevin Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri, o cümlədən Antonio Koşta, Ursula fon der Lyayen və Kaya Kallasla görüşlərinin Azərbaycanın Avropa üçün əhəmiyyətinin göstəricisi olduğunu bildirib.
O, Dublin sammitinin ən mühüm nəticələrindən biri kimi Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni imzalanmasını qeyd edib.
Deputatın sözlərinə görə, Avropa İttifaqının üzvü olmasa da, Böyük Britaniya Avropa qitəsinin ən güclü siyasi oyunçularından və NATO-nun aparıcı üzvlərindən biridir.
“Böyük Britaniya özünə güclü partnyor, güclü tərəfdaş kimi məhz Azərbaycanı seçdi. Beləliklə, Böyük Britaniya ilə münasibətlərimiz yeni strateji əməkdaşlıq səviyyəsində de-yure təsdiqləndi. De-fakto münasibətlərimiz həmişə yüksək səviyyədə olub, sadəcə olaraq, bu münasibətlər hüquqi baxımdan bir daha öz təsdiqini tapdı”, – deyə Tural Gəncəliyev vurğulayıb.
Deputat 2023-cü ildə Qranadada keçirilən sammitdə Azərbaycan və Türkiyə liderlərinin iştirak etməməsinə də diqqət çəkib. O bildirib ki, həmin sammit Avropa Siyasi Birliyinin zəif və uğursuz tədbirlərindən biri kimi yadda qalıb. Bunun əsas səbəblərindən biri Azərbaycan və Türkiyənin həmin tədbirdə iştirak etməməsi olub.
Tural Gəncəliyev hesab edir ki, Dublin sammiti 2028-ci ildə Bakıda keçiriləcək sammitə aparan yolda mühüm mərhələ və tarixi nəticələrlə yadda qalıb: “Cənab Prezidentin orada iştirakı Avropa Siyasi Birliyinin gücünə güc, dəyərinə dəyər qatdı. Bu gün Avropa İttifaqının və Avropa Siyasi Birliyinin daha çox ehtiyac duyduğu, əməkdaşlığa və tərəfdaşlığa can atdığı tərəf məhz Azərbaycandır. Onlar Azərbaycan kimi dəyərli və güclü tərəfdaşla münasibətlərini inkişaf etdirməyə çalışırlar”.