Oktyabrın 7-də saat 14:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən çağırış qeydə alınıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Onlardan 1961-ci il təvəllüdlü şəxsə qaraciyərin travması, qabırğaların çoxsaylı sınığı, 1984-cü il təvəllüdlü şəxsə isə səthi travma diaqnozu təyin edilib.
Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilir, 1961-ci il təvəllüdlü şəxsin vəziyyəti orta ağır, 1984-cü il təvəllüdlü şəxsin vəziyyəti isə stabil qiymətləndirilir", məlumatda deyilir.
Gülcahan İmanqızı
***
16.20
Fövqəladə Hallar Nazirliyi Bakı-Qazax yolunda baş verən qəza barədə məlumat yayıb.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qaradağ qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes Atego" markalı yük avtomobilinin dəmir arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 4 nəfərin meyiti və bir nəfər sağ olaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
15.12
Bu gün saat 14:20 radələrində Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində “Mercedes Atego” markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
"Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək yollarda diqqətli olmağa, sürət həddini və ara məsafəsini gözləməyə, nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə çağırır. Səfərdən əvvəl avtomobilin texniki vəziyyətinin yoxlanılması, yorğun və yuxusuz halda sükan arxasına keçilməməsi vacibdir", məlumatda deyilir.
***
14.54
Bakı-Qazax yolunda qəza baş verib.
APA-nın xəbərinə görə, yolun Qaradağ rayonu Lökbatan qəsəbəsindən keçən hissəsində xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb.
Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı, xırdabuynuzlu heyvanların tələf olduğu bildirilir.