İyulun 12-də saat 22:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi ərazisindən yanğın hadisəsi səbəbilə çağırış qeydə alınıb.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
Məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
2 nəfərə (1 qadın, 1 kişi) yerində yardım olunub.
1 nəfər (qadın) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Günay Elşən
***
00.20
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən hündürmərtəbəli yaşayış binasının zirzəmisində elektrik sayğacları quraşdırılan hissədə yanğın baş verməsi barədə məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 10kv.m. olan elektrik otağında 93 ədəd sayğac və ayırıcı, 2 ədəd elektrik tənzimləyicisi yanıb.
Yaşayış binası və mənzillər yanğından mühafizə olunub.
***
23:34
Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının zirzəmisində yanğın baş verib.
APA xəbər verir ki, ilkin məlumata görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.
Hadisə zamanı iki nəfər yüngül xəsarət alıb. Təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə edilib.
Binanın liftində köməksiz vəziyyətdə qalan sakinlər isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xilas ediliblər.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.