Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən tam söndürülüb.
Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Yanğın nəticəsində binanın 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsində fəaliyyət göstərən müxtəlif təyinatlı 11 obyektdən 3-nün yanar konstruksiyaları 120 kv.m. sahədə, eləcə də 2-ci mərtəbədə yerləşən vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan üçotaqlı mənzilin döşəməsi yanıb. Binanın böyük hissəsi yanğından mühafizə edilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri FHN əməkdaşları tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
***
15.00
Avqustun 7-də saat 11:35 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Y. Məmmədəliyev küçəsi ərazisindən yanğın hadisəsi səbəbilə çağırış qeydə alınıb.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
"Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Onlara dərhal zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Tüstüdən zəhərlənmə diaqnozu təyin edilən şəxslərin vəziyyəti stabil qiymətləndirilir və müalicələri Toksikologiya şöbəsində davam etdirilir. 4 nəfərə (1 qadın, 3 kişi) isə stresə qarşı və tüstüdən zəhərlənmə ilə əlaqədar yerində yardım olunub".
Günay Elşən
***
13.48
Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yanğın 3 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində olan qeyri-yaşayış hissəsində baş verib.
APA xəbər verir ki, bunu hadisə yerində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının rəisi polkovnik İlqar Nəsibov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, taxta konstruksiyalı qədim binada yanğın 120 kv.m ərazini əhatə edib. Binadan 6 nəfər təxliyə edilib, bir yaşlı vətəndaş həkimə müraciət edib. Həyati təhlükəsi yoxdur.
Qərargah rəisinin sözlərinə görə, yanğınla bağlı 12 texnika olmaqla, 62 şəxsi heyət hadisə yerinə cəlb edilib, yanğın məhdudlaşdırılıb. Hadisənin baş vermə səbəbi araşdırılacaq, ictimaiyyətə məlumat veriləcək.
***
13.42
Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada baş vermiş yanğın Fövqəladə Halar Nazirliyinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Binada arakəsmələrin taxta konstruksiyalardan ibarət olmasının alovun yayılma riskini artırması və yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirməsinə baxmayaraq, yanğınsöndürənlərin peşəkarlığı sayəsində yanğının genişlənməsinə imkan verilməyib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
13.32
Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində binanın birinci mərtəbəsində yerləşən restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
12.20
Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində binanın birinci mərtəbəsində yerləşən restronda yanğnla mübarizə tədbirləri davam etdirilir.
APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, restoranda olan şəxslər, o cümlədən bina sakinləri təxliyə edilib.
Ərazidə FHN-in qərargahı yaradılıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general mayoru Asif Məmmədli hadisə yerinə gəlib.
***
12.05
Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar FHN qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Əlavə məlumat veriləcək.
***
11.23
Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyektdə yanğın baş verib.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
Obyektdə baş vermiş yanğınla bağlı polis əməkdaşları da əraziyə cəlb olunublar.