Bu ilin 3 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1972 nəfər cəlb edilib.
APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rüblük hesabatında qeyd olunub.
Bildirilib ki, onlardan 18-25 yaşadək 114 nəfər, 26-29 yaşadək 334 nəfər, 30 yaş və ondan yuxarı isə 1524 nəfər təşkil edir.
Həmin şəxslərdən 1934-ü kişi, 38-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 31 nəfəri xarici ölkə vətəndaşıdır.
Cinayət məsuliyyətinə cəlb edilmiş 31 nəfər xarici ölkə vətəndaşından 14-ü İran İslam Respublikası, 9-u Türkiyə, 5-i Rusiya Federasiyası, 3-ü Gürcüstan vətəndaşı olub.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 76 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 741 kq 185,912 qr və 18403 ədəd həb metadon narkotik vasitələr və 1540 ədəd kapsul, 473 ədəd həb güclü təsir edən maddə çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 64-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 413 kq 844,2 qr və 190 ədəd metadon narkotik vasitə və psixotrop maddə müsadirə edilib. 627 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 368 kq 197,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.