Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonunun Albalan kəndi ərazisində qeydə alınıb. “Chevrolet Niva” markalı avtomobillə “VAZ 2107” markalı avtomobil toqquşub.
Qəzada xəsarət alan 2 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. “Chevrolet Niva” markalı avtomobilin Cəlilabad rayonunun Saatlı kənd sakini, xanəndə Füzuli Salmanova məxsus olduğu bildirilir. Onun ailə üzvləri də avtomobildə olub.
Faktla bağlı araşdırma aparılır.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, dekabrın 23-də yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlardan 1998-ci il təvəllüdlü şəxsə çənəaltı nahiyənin kəsilmiş, cırılmış yarası, 2007-ci il təvəllüdlü şəxsə isə üst göz qapağının, gözətrafının və sol qulağın kəsilmiş, cırılmış yarası, çanağın küt travması diaqnozu təyin edilib.
Hazırda hər iki şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.