Gəncədə xəstəxanada baş verən yanğın zamanı xəstəxananın iki əməkdaşı yüngül xəsarət alıb.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının baş həkimi Anar Məmmədov deyib. O bildirib ki, yağın səhər 10 radələrində baş verib: “Yanğına səbəb qısqapanma olub. Yanğın zamanı 63 xəstə stasionar yatışda, onların 13 nəfəri reanimasiyada idi. Xəstələrdən 12 nəfər başqa xəstəxanaya köçürülüb. Digər xəstələr isə öz xəstəxanamızda başqa binalara yerləşdirilib. Reanimasiyada müalicə alan xəstələrdən bir nəfəri ölüb. O, çox ağır vəziyyətdə idi. Bu xəstənin ölüm səbəbi araşdırılır. İlkin məlumata görə, həmin xəstə yanğından əvvəl ölüb".
Baş həkim xəstəxanada olan bütün xəstələrin təxliyə olunduğunu bildirib. O qeyd edib ki, xəstəxananın iki işçisi yanğın zamanı xəsarət alıb, hazırda onlar başqa xəstəxanaya köçürülüb.
Baş həkim, sabahdan iş fəaliyyətlərini davam etdirəcəklərini deyib.
Səlcuq Elçin
Fuad Nazimoğlu