İyul ayının 17-də Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Çayqovuşan kənd sakini, 1978-ci il təvəllüdlü İmaməddin Hümbətovun Göygöl rayon ərazisində itkin düşməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, Kəlbəcər və Göygöl Rayon Polis Şöbələrinin əməkdaşlarının birgə keçirdikləri axtarış tədbirləri nəticəsində İ. Hümbətovun cəsədi Göygöl rayon ərazisindəki göllərin birində aşkarlanıb. Hadisə yerinə Prokurorluğun əməkdaşları cəlb olunub. İlkin ehtimala görə mərhum intihar edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
16:55
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Göygöl rayonu, Ağdağ qəsəbəsində 1 nəfərin (kişi) göldə batması barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Səlcuq Elçin
Fuad Nazimoğlu