DİN İmişlidə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, bu gün səhər saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə magistral yolunun İmişli rayonu Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
İmişli rayon sakini X.Bayramov idarə etdiyi “VAZ-21015 ” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Sürücü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan sərnişin, rayon sakini F.Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və bir neçə saat sonra orada vəfat edib.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.
***
12.38
İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli-Kürdəmir yolunda qeydə alınıb. İmişli sakini, 1986-cı il təvəllüdlü Bayramov Xanlar Xasməmməd oğlunun idarə etdiyi "VAZ 21015" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində, qohumu olan sərnişini 1976-cı il təvəllüdlü Bayramov Fariz Gülməmməd oğlu xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.