Sentyabrın 16-da saat 21:20 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində “Mercedes Vito” markalı mikroavtobusla "Dong Feng" markalı yük avtomobili toqquşub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə nəticədə mikroavtobusda olan 2 sərnişin həyatını itirib, 1 nəfər xəsarət alıb.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Verilən məlumatda sürücülərdən yol və hava şəraitini, nəqliyyat vasitəsinin xüsusiyyətlərini nəzərə alaraq müəyyən edilmiş sürət həddinə ciddi riayət etmələri, qarşıdakı nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsi saxlamaları və ötmə manevrlərini yalnız tam təhlükəsiz şəraitdə həyata keçirmələri xahiş olunur.
***
23:11
Lənkəranda "Mercedes Vito" ağır tonnajlı yük avtomobili ilə toqquşub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının 155-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Astara istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı sərnişin avtomobili arxadan İran İslam Respublikasına gedən TIR-a çırpılıb. Qəza nəticəsində ölən və xəsarət alanların olduğu deyilir.
Hadisə nəticəsində xəsarət alan 1978-ci il təvəllüdlü Gülnarə Süleyman qızı Hüseynovanın vəziyyəti ağır qiymətləndirilir. O xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Nəqliyyat vasitəsində sıxılıb qalan meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.