2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı proqnozlaşdırılır.
"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2027-ci il və sonrakı üç il üzrə büdcə göstəricilərində qeyd olunub.
Bildirilib ki, gəlirlər 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,6%, xərclər isə 1,7% artacaq.
Nəticədə gələn il dövlət büdcəsində 3 milyard 166 milyon manat kəsir yaranacağı gözlənilir. Bu, proqnozlaşdırılan ümumi daxili məhsulun 2,2%-nə bərabərdir və illik müqayisədə 2,3% çoxdur.
Büdcə gəlirlərinin 15 milyard 480 milyon manatı (39,5%) neft-qaz sektorunun, 23 milyard 754 milyon manatı (60,5%) isə qeyri-neft-qaz sektorunun payına düşəcək.
Dövlət büdcəsi xərclərinin 24 milyard 771,7 milyon manatının (59,6%) cari xərclərə, 14 milyard 319,3 milyon manatının (34,5%) əsaslı xərclərə, 2 milyard 457,6 milyon manatının (5,9%) isə dövlət borcu və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilməsi nəzərdə tutulur.