Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda Nərmin Quliyevanın ana nənəsi Minayə İsmayılova şahid qismində dindirilib.
Minayə İsmayılova müdafiə tərəfinin vəsatəti əsasında məhkəməyə çağırılıb. Müdafiə tərəfi M. İsmayılovanın hadisə baş verəndən sonra Nərmin Quliyevanı İlkin Süleymanovun öldürmədiyini dediyini əsas gətirərək onun dindirilməsini vacib sayıb.
Məhkəmədə vəkillər Zabil Qəhrəmanov və Əlibala Rzayev də şahiddən bu barədə danışmasını istəyiblər. Vəkillər ona xatırladıb ki, hadisədən sonra telekanallardakı çıxışlarında, mediaya müsahibələrində qızını və kürəkənini, həmçinin uşağın əmisini ittiham edirdi. O, cavabında deyib ki, həmin dövrdə hər kəsdən şübhələnirdi.
Vəkillər həmçinin Nərmin itkin düşməmişdən əvvəl atası ilə anası arasında olan dava barədə də M. İsmayılovaya sual ünvanlayıblar: “Bizdə olan məlumata görə, Nərmin itkin düşməzdən əvvəl atası Şərif Quliyev arvadı Aynurə Quliyevanın iş yerinə gedib, onu bıçaqlamaq istəyib. Hətta siz və Aynurə Quliyeva bununla bağlı polisə şikayət etmisiz. Bundan başqa, nəvənizi ölümünə görə onun valideynlərini də ittiham etmisiz. Bu nə ilə bağlı idi?”
Minayə İsmayılova Şəriflə Aynurənin arasındakı davanın ailədaxili məslə olduğunu deyib.
Prosesin davamında hakim məhkəmə istintaqının yekunlaşdırılmasını təklif edib. Lakin müdafiə tərəfi buna etiraz edib. Vəkillər deyib ki, onların təmin olunmuş bir neçə vəsatəti var, məhkəmə onları icra etməyib.
Bununla bağlı vəkillər hakimlərə etiraz etsələr də, şikayətləri təmin olunmayıb.
Cinayət işi üzrə məhkəmə istintaqının tamamlandığı elan olunub. Prokuror çıxış üçün bir həftə vaxt istəyib.
Məhkəmə dövlət ittihamçısına mayın 3-dək vaxt verib.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.