Birinci Qarabağ müharibəsi əlili Əfqan Zeynalovun külli miqdarda pulunu mənimsəmədə ittiham olunan Nelli Fabriçnayanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda prokuror Babaxan Həsənəliyev ittiham nitqi ilə çıxış edib.
Prokuror Nelli Fabriçnayanın xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd olunub ki, təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumu rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə müdafiə tərəfinin qaldırdığı mülki iddia təmin edilib.
Vəkillər müdafiə çıxışı üçün vaxt istəyib.
Proses aprelin 10-na təyin edilib.
Xatırladaq ki, 35 yaşlı Nelli Fabriçnaya "Avtotransyol" və "Murov TSK"-nin rəhbəri olmuş zərərçəkmiş Əfqan Zeynalovun 725 min manat pulunu mənimsəmə və israfetmə yolu ilə ələ keçirməkdə təqsirləndirilir.
Nelli Fabriçnayaya qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.