İyulun 15-də saat 01:00 radələrində 1 nəfər (qadın) aqonal vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, 2003-cü il təvəllüdlü hamiləyə anafilaktik şok (seftriakson inyeksiyasına qarşı), IV dərəcəli anafilaktik şok, ölü döl diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib:
"Pasiyent qəbul zamanı aqonal vəziyyətdə olub, ürək fəaliyyəti və ritmi qeydə alınmayıb. Ürəyin qapalı masajı və digər zəruri reanimasiya tədbirləri həyata keçirilib, pasiyentin həyat fəaliyyəti bərpa edilib.
Daha sonra tibbi göstəriş əsasında pasiyent üzərində cərrahi əməliyyat icra olunaraq ölü döl xaric edilib. Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilib.
Lakin pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və 15 iyul tarixində saat 17:10 radələrində onun bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib".
***
10.27
Quba Rayon Mərkəzi Xəstəxanasında hamilə ölümü qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, 5 aylıq hamilə, rayonun İqrığ kənd sakini 2003-cü il təvəllüdlü S. Əmrahovanın antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri shimal.news yayıb.