Qubada baş verən yol qəzası ilə əlaqədar xəsarət alan 4 nəfər avqustun 3-də saat 08:20 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin səthi travmaları, sağtərəfli qabırğaların sınığı və başın sağ payının yumşaq toxumalarının hematoması diaqnozları təyin edilib.
Xəsarət alanlardan 1968-ci il təvəllüdlü şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti orta ağır qiymətləndirilir.
Digər 3 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.
***
12.55
Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosunun məlumatına görə, qəza Quba–Qonaqkənd avtomobil yolunun Püstəqasım kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, UAZ markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.