Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hakimlər heyətinin dəyişdiyi elan olunub. Məhkəmə tərkibində olan iki hakim yaş həddi ilə əlaqədar təqaüdə çıxdığı üçün yeni məhkəmə tərkibi formalaşıb. Prosesdə iştirak edən Səlim Müslümov yeni tərkibə etiraz etməyib.
Məhkəməyə sədrlik edən hakim bildirib ki, yeni tərkib cinayət işi ilə tanış olmalıdır. S. Müslümovun vəkili də vəsatət qaldıraraq digər vəkil prosesə qatılmadığı üçün məhkəmənin təxirə salınmasını istəyib.
Vəsatət təmin edilib. Məhkəmə prosesi avqustun 16-dək təxirə salınıb.
Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.
Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb. Səlim Müslümov cinayət işi üzrə dövlətə dəymiş ziyan 27 milyon manat hesablanıb.