Tərtərdə məktəblilər arasında dava ölümlə nəticələnib - YENİLƏNİB-1

Tərtərdə məktəblilər arasında dava ölümlə nəticələnib - YENİLƏNİB-1
# 07 may 2024 12:59 (UTC +04:00)

Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb liseyin 10-cu sinif şagirdi 6 may 2024-cü il tarixində vəfat edib.

APA xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsinin açıqlamasında bildirilib.

"Şagirdimizin vəfat etmə səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək" - açıqlamada bildirilib.

***

11:16

Mayın 6-da Tərtər rayonu ərazisində iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan birinin huşunu itirməsi və aparıldığı xəstəxanada ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır.

Tərtər şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova APA-ya bildirib ki, hadisə tənəffüs zamanı, şagirdlər su içməyə gedəndə baş verib. Onun sözlərinə görə, məktəbin 10-cu sinif şagirdi A.Ə. bu gün 2 saat dərsdə iştirak edib, tənəffüsə çıxıb və geri qayıtmayıb: “Şagird tənəffüs zamanı məktəbin divarına bitişik şəhid bulağından su içməyə gedib. Zəng vurulub, şagird sinfə qayıtmayıb. Belə olanda şagirdin harada olması ilə maraqlandıq. Xəbər verdilər ki, şagirdimizi xəstəxanaya çatdırıblar və vəfat edib”.

Direktor baş verən davadan məlumatlarının olmadığını deyib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin Tərtər şəhər 5 saylı məktəbin şagirdi olduğu bildirilir.

***

10.13

Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticələnib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı orta məktəbinin qarşısında qeydə alınıb.

9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı onlardan biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan məktəbli Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Səlcuq Elçin

Emin Babayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR