Tovuzda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Tovuz rayon prokurorluğundan APA-ya verilən məlumata görə, avqustun 6-da Tovuz rayonunun Əli Mərdanlı kəndi ərazisində 1961-ci il təvəllüdlü Məhəbbət İsayevanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1997-ci il təvəllüdlü Ülvi İsayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odun parçası ilə xəsarətlər yetirərək qohumu Məhəbbət İsayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb, Ü.İsayev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
***
13.42
Tovuzda güllələnərək qətlə yetirilən şəxsin kimliyi məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, qətlə yetirilən şəxsin 1961-ci il təvəllüdlü M.İsayeva olduğu bildirilir.
İlkin məlumata görə, qətl onun qardaşı oğlu - 1997-ci il təvəllüdlü Ülvi İsayev tərəfindən törədilib.
APA-nın əldə etdiyi məlumata görə, onlar fermada birgə yaşayıblar. Qətl aralarında yaranan mübahisə zəminində baş verib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən Ülvi İsayev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar aparılır.
***
13.25
Tovuzda qətl hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində yerləşən fermada qeydə alınıb. Fermada bir nəfər qətlə yetirilib.
İlkin məlumata görə, qətlə yetirilən şəxs qadındır, qohumu qətli törətməkdə şübhəli bilinir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.