Gəncədə istintaq təcridxanasında intihar hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında qeydə alınıb. Orada saxlanılan məhkum, Tovuz rayon sakini Əhmədov Maksim Mehdi oğlu damarını şüşə ilə kəsərək özünü öldürüb.
Faktla bağlı araşdırma başlanıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətindən APA-ya faktı təsdiq ediblər. Araşdırma aparılır.
APA-nın əldə etdiyi məlumata görə, məhkum, barəsində bir neçə gün əvvəl çıxarılan məhkəmə hökmünə etiraz olaraq bu addımı atıb.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü Maksim Mehdi oğlu Əhmədov qətl törətdiyinə görə həbs olunub. O, ötən ilin dekabr ayında Tovuzun İbrahimhacılı kəndində 1964-cü il təvəllüdlü Ənvər Alırzayev və qardaşı 1960-cı il təvəllüdlü Fərman Alırzayevi bıçaqlayıb. Ənvər Alırzayev ölüb.
Məhkəmənin hökmü ilə M.Əhmədova 18 il 6 ay müddətinə həbs cəzası verilib.