Bu ilin birinci yarısında Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) və tərəfdaş qurumların həyata keçirdiyi tədbirlər nəticəsində beynəlxalq yük daşımalarının (BYD) həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% artım qeydə alınıb.
APA-Economics xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABADA-nın baş katibi Kənan Qurbanov bildirib.
Onun sözlərinə görə, əldə olunan nəticələr beynəlxalq yükdaşımalar sahəsində rəqəmsallaşmanın genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və dövlət dəstəyi mexanizmlərinin tətbiqi hesabına mümkün olub.
Baş katib qeyd edib ki, Türkiyə, Ukrayna, Qırğızıstan və Qazaxıstan ilə elektron "İcazə" blanklarının tətbiqinə başlanılıb. Yaxın vaxtlarda Rusiya və Gürcüstanın da bu sistemə qoşulması nəzərdə tutulur.
Bununla yanaşı, Türkmənistan ilə birgə e-TIR, Dövlət Gömrük Komitəsi və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) ilə isə e-CMR layihələrinin həyata keçirildiyi bildirilib.
ABADA rəsmisinin sözlərinə görə, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində BSEQ-URTA və TDT-URTA platformaları çərçivəsində fəaliyyət davam etdirilib, həmçinin Azərbaycanın Qazaxıstan, Monqolustan, Çin Xalq Respublikası və Gürcüstan ilə Qarışıq Komissiyalarının işində fəal iştirak təmin olunub