DİN-in Baş Dövlət yol Polisi İdarəsi dünən Salyanda 4 nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb.
İdarədən APA-ya verilən xəbərə görə, iyulun 20-si saat 18:00 radələrində Salyan rayonunun Şorsulu kəndinin ərazisində həmin kəndin sakini Nazim Qasımovun idarə etdiyi “VAZ” markalı avtomobillə, əks istiqamətdə hərəkətdə olan Alçalı kənd sakini Razi Dadaşovun idarə etdiyi “Toyota” markalı avtomobil toqquşub.
Qəza nəticəsində Nazim Qasımov və sərnişinləri – İlkin Qasımov və Elnur Əsədov hadisə yerində, Vüqar Əsədov isə xəstəxanada həyatlarını itiriblər. Sərnişinlərdən Əlifağa Hümmətov, eləcə də Razi Dadaşovun azyaşlı oğlu da xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
"Baş Dövlət yol Polisi İdarəsi yüksək sürət və manevretmə qaydalarının pozulması səbəbindən baş verməsi ehtimal olunan sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları yayımlanan faciəli faktlara biganə qalmamağa, təhlükəsizlik qaydalarına, verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyə çağırır", məlumatda deyilir.
***
01.02
Salyanda baş verən avtomobil qəzasında ölənlərin sayı 4 nəfərə çatıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəzada xəsarət alan “VAZ2106” markalı avtomobildə olan Şorsulu kənd sakini, 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğlu həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
23:30
Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (1 qadın, 4 kişi) 20.07.2026-cı il tarixində 18:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
APA xəbər verir ki, bu barədə TƏBİB-in hadisə ilə bağlı açıqlamasında deyilir.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
Vəziyyəti kritik ağır olan 1 nəfərin (kişi) isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 19:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.
***
20:12
Salyanda yol qəzasında ölənlərin sayı 3-ə çatıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində xəsarət alaraq xəstəxanaya çatdırılan şəxslərdən birinin həyatını xilas etmək mümkün olmayıb.
***
19:26
Salyanda yol qəzasında 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, "Toyota" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanlar Salyan xəstəxanasına çatdırılıb.
"VAZ"da sıxılı vəziyyətdə qalan iki nəfərin meyiti FHN-in qüvvələri tərəfindən çıxarılıb.
***
18.41
Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə dəmir yol keçidinin yaxınlığında qeydə alınıb.
"Toyota" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfərin öldüyü bildirilir.
Bundan başqa, xəsarət alanlar da olub, onlar Salyan xəstəxanasına çatdırılıb.