Xaçmazda baş verən yol qəzasında xəsarət alan şəxs ölüb.
APA xəbər verir ki, qəzada xəsarət alan 1998-ci il təvəllüdlü Qədirov Samir Emin oğlu Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisələrindən birinə göndərilib. S.Qədirov vəfat edib.
TƏBİB-dən APA-ya bildirilib ki, yanvarın 21-də saat 10:00 radələrində Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1998-ci il təvəllüdlü (kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, travmatik şok diaqnozu təyin edilib.
Pasiyentin vəziyyəti kritik ağır olduğu və ixtisaslı tibbi yardıma ehtiyacı olduğu üçün digər tibb müəssisəsinə təxliyə olunub. Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına aqonal vəziyyətdə təxliyə olunan pasiyentin həyatını həkimlərin çoxsaylı səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.
***
11.47
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Müşkür kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Shacman” markalı yük avtomobili ilə “Ford” markalı digər yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Ford”un sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə Xaçmaz rayonu, Çiləgir kənd sakini, 1998-ci il təvəllüdlü sürücü Qədirov Samir Emin oğlunu deformasiyaya uğramış avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
TƏBİB-dən APA-ya bildirilib ki, yanvarın 21-də saat 10:00 radələrində Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1988-ci il təvəllüdlü (kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, travmatik şok diaqnozu qoyulub.
Hazırda vəziyyəti kritik ağır olaraq qiymətləndirilir.
***
11.40
Xaçmazda yük avtomobilləri toqquşub.
APA-nın Şimal bürosu xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun 27-ci km-də, Xaçmaz rayonunun Müşkür kəndi yaxınlığında baş verib.
"İveco" markalı iri tonnajlı yük avtomobili qarşıdan gələn "Ford" markalı yük avtomobili ilə toqquşub. Nəticədə "Ford"-un sürücüsü Samir Qədirov ağır xəsarətlər alaraq deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları onu çıxaraq təcili tibbi yardım briqadasına təhvil verib.
O, Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.