Bakı. Cavid Zeynallı - APA. Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT-2“ tankerində baş vermiş yanğın tam söndürülüb. APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Dəniz Administrasiyası və “Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi” QSC-nin yaydığı birgə məlumatda deyilir.
Məlumata əsasən, 23 aprel 2016-cı il tarixində sahildən təqribən 110 km məsafədə üzən tankerdə yanğın baş verməsi barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasına "SOS" siqnalı daxil olub. Dərhal FHN və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin müvafiq qüvvələri hadisənin nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub.
Görülmüş operativ tədbirlər nəticəsində yanğın saat 18:06-da tam söndürülüb.
Qeyd edək ki, tankerin 11 nəfər heyət üzvündən 10 nəfər xilas olub, 1 nəfər - baş mexanik Kramcuk Andrey Vladimirovic itkin düşüb.