Azərbaycanın hərbi məhsulları Moskvada “ARMY-2019” sərgisində nümayiş etdiriləcək

Azərbaycanın hərbi məhsulları Moskvada “ARMY-2019” sərgisində nümayiş etdiriləcək
# 21 iyun 2019 16:31 (UTC +04:00)

İyunun 25-dən 30-dək Moskvada “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində “ARMY-2019“ V Beynəlxalq Hərbi-Texniki Forum keçiriləcək.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (MSN) də iştirak edəcək.

MSN-dən APA-ya verilən məlumata görə, dünyanın ən böyük silah və hərbi texnika sərgilərindən birinə çevrilən bu forumda Nazirlik ilk dəfə stendlə təmsil olunacaq və məhsullarını nümayiş etdirəcək. Bununla bağlı müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Moskvada səfərdə olacaq.

“ARMY-2019” sərgisində təşkil olunan 120 kvadratmetr sahəsi olan milli pavilyonda MSN, əsasən, ixrac yönümlü məhsullarını - snayper tüfənglərini, avtomatları, tapançaları, hücum pulemyotlarını, qumbaraatanları, pilotsuz uçuş aparatlarını, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və digər məmulatlarını nümayiş etdirəcək. Nazirliyin müəssisələrində istehsal olunan 30 millimetrlik 2A42 topu və 7.62 millimetrlik “Yırtıcı” yarımavtomat snayper tüfəngi xaricdə keçirilən beynəlxalq sərgidə ilk dəfə sərgilənəcək.

Müdafiə və ikili təyinatlı məhsulların nümayiş etdiriləcəyi “ARMY-2019” sərgisi səmərəli danışıqlar aparmaq və hərbi-texniki sahədə təcrübəli mütəxəssislərlə əməkdaşlıq etmək üçün geniş imkanlar da yaradacaq.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Rusiya Federasiyasının dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də planlaşdırılır. Görüşlərdə hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində danışıqların aparılması nəzərdə tutulur.

Sərgi zamanı tədbir iştirakçılarına və ziyarətçilərə gələn il Bakıda keçiriləcək “ADEX-2020” IV beynəlxalq müdafiə sərgisi ilə bağlı məlumatlar veriləcək və dəvətlər çatdırılacaq.

Qeyd edək ki, “ARMY-2019“ sərgisi MSN-in son iki ayda stendlə təmsil olunduğu üçüncü beynəlxalq sərgidir. Nazirlik bu ilin aprel - may aylarında Türkiyədə keçirilən “IDEF-2019” və Belarusda keçirilən “MILEX-2019” sərgilərində iştirak edib, hərbi təyinatlı məhsullarını nümayiş etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR