İyunun 25-də Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun növbəti buraxılışı münasibətilə Müdafiə Nazirliyi tərəfindən “Açıq qapı” günü təşkil olunub.
APA xəbər verir ki, tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şahin Məmmədov, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə, Türkiyə Respublikasının Azərbaycandakı Xidmət Qrupunun komandanı general-leytenant Sönər Orucoğlu, MN nümayəndələri, universitet və institut rəhbərliyi, professor-müəllim heyəti, kursantlar, valideynlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Hərbi İnstitutun ərazisində ucaldılmış abidəsi və şəhid məzunların xatirə kompleksi ziyarət olunub.
Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.
“Açıq qapı” günü iştirakçıları Heydər Əliyev adına Hərbi İnstitutun növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimi izləyiblər.
Daha sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov çıxış edərək məzun kursantları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Təhsil ilini fərqlənmə ilə başa vuran məzun kursantlar müdafiə naziri və nazirliyin digər yüksək rütbəli zabitləri tərəfindən təltif ediliblər.
Ardınca Hərbi İnstitutun Döyüş Bayrağı təntənəli şəkildə sıra meydanına gətirilib. Buraxılış mərasiminin proqramına uyğun olaraq, məzunlara diplomlar təqdim olunub, tədrisdə və intizamda fərqlənən kursant tərəfindən rəmzi yaş kötüyünə məzun nişanı vurulub.
Sonra Hərbi İnstitutun Döyüş Bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Tədbirdə çıxış edən MMU-nun rektoru general-mayor Gündüz Əbdülov məzunlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Valideynlər və pedaqoji heyət adından çıxış edənlər də məzunları təbrik ediblər.
Hərbi İnstitutu fərqlənmə ilə bitirən məzunlara fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Məzun Yunis Nəcəfov APA-ya bildirib ki, MMU-nun tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutu bitirdiyi üçün qürur hissi keçirir. O qeyd edib ki, burada qazandığı bilik və bacarıqları gələcək xidmətində tətbiq edəcək.
Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Hava Qüvvələri bölməsinin məzunu Fərman Mirzəyev isə deyib ki, çiyinlərində daşıdıqları ulduzlar sadəcə, metal parçası deyil, Vətənə sədaqətin və xidmətin simvoludur. O, kursant yoldaşları ilə birlikdə əldə etdikləri bilik və bacarıqları Azərbaycanın ərazi bütövlüyünün qorunmasına həsr edəcəklərini vurğulayıb.
Hərbi Dəniz Qüvvələri bölməsinin məzunu leytenant Dadaşov qeyd edib ki, dörd il əvvəl ordu sıralarına qoşulub və bu gün şərəfli zabitlik yolunun başlanğıcına qədəm qoyur. O, zabit və müəllim heyətinə təşəkkür edib, kursant yoldaşlarını təbrik edib.
Sonda hərbi orkestrin müşayiəti ilə kursantlar Hərbi İnstitutun marşını ifa edib, şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.
Valideynlərıə məzun övladları ilə görüşmələri, onları təbrik etmələri üçün şərait yaradılıb.