Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin dəvəti ilə Ukraynanın Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Petro Siqikalın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfər edib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib.
Görüş zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti nəzərdən keçirilmiş və yüksələn xətlə inkişaf etdiyi xüsusilə vurğulanıb, gələcək inkişaf perspektivləri, habelə Azərbaycan-Ukrayna arasında beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, narkotiklərin qeyri-leqal dövriyyəsi, SMBK, BMT, Aİ, FRONTEX, GUAM təşkilatları çərçivəsində əməkdaşlığın davam etdirilməsi kimi məsələlər müzakirə edilib.
Bununla yanaşı, görüşdə Azərbaycan Respublikasının dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, mövcud vəziyyətin sərhəd təhlükəsizliyi üçün əsas təhdid olduğu vurğulanıb, həmiçinin DSX-da həyata keçirilən islahatlar, sərhəd mühafizə sisteminin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətlər barəsində qonaqlara ətraflı məlumat verilib.
Ukrayna nümayəndə heyəti səfər zamanı Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri, Sahil Mühafizəsi, DSX Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb və digər bölmələrin fəaliyyəti ilə tanış edilib.
İkitərəfli əməkdaşlığın normativ-hüquqi bazasının inkişaf etdirilməsi məqsədilə nümayəndə heyətlərinin rəhbərləri tərəfindən“ AR Dövlət Sərhəd Xidməti ilə Ukrayna Dövlət Sərhəd Xidməti arasında 2019-2020-ci illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi Planı” imzalanıb.