Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məmulatlar Fransada sərgilənəcək.
APA-nın məlumatına görə, bu barədə Müdafiə Sənayesi Nazirliyində 2018-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, 2009-cu ildən beynəlxalq sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi cari ilin iyununda Fransada keçiriləcək beynəlxalaq müdafiə və təhlükəsizlik sərgisində ("EUROSATORY-2018”) iştirak edəcək. “EUROSATORY-2018” sərgisinə ilk dəfə qatılan Müdafiə Sənayesi Nazirliyi bu sərgidə 268 adda məmulat nümayiş etdirəcək. Sərgidə bir neçə adda yeni növ müdafiə təyinatlı məmulatın nümayişi nəzərdə tutulur.
Kollegiyada cari ilin sentyabrında Bakıda keçiriləcək “ADEX-2018” beynəlxalq müdafiə sərgisi ilə bağlı aparılan işlərdən də danışılıb. Bildirilib ki, Müdafiə Sənayesi Nazirliyi tərəfindən üçüncü Azərbaycan beynəlxalq müdafiə sərgisinin (ADEX-2018) yüksək səviyyədə təşkili istiqamətində müvafiq işlər aparılır. Bununla bağlı xarici ölkələrin müvafiq qurumları ilə danışıqlar aparılır və təşkilati işlər hayata keçirilir. Eyni zamanda, “ADEX-2018” sərgsində Azərbaycan istehsalı olan yeni müdafiə təyinatlı məmulatların nümayiş etdirilməsi üçün nazirliyin müəssələrində müvafiq işlər görülür.