Sentyabrın 22–27-də Çinin Şanxay şəhərində keçirilən “WorldSkills Shanghai 2026” beynəlxalq peşə bacarıqları yarışında Azərbaycan kibertəhlükəsizlik üzrə “Medal of Excellence” mükafatına layiq görülüb.
"APA-Economics" xəbər verir ki, Azərbaycanı yarışda təmsil edən İRİA-nın İnformasiya Təhlükəsizliyi Departamentinin əməkdaşları Əli Məhərrəmli və Yusif Kazımlı 702 bal toplayıblar.
Bu, Azərbaycanın “WorldSkills” tarixində kibertəhlükəsizlik üzrə qazandığı ilk mükafatdır.
Azərbaycan komandası Hindistan, Koreya, Tailand, Yaponiya, Malayziya, Avstraliya və Braziliya da daxil olmaqla bir sıra ölkələrin komandalarından daha yüksək nəticə göstərib. Komanda, həmçinin kibertəhlükəsizlik üzrə “Kibertəhdidlərə qarşı müdafiə həllərinin tətbiqi” alt istiqamətində iştirak edənlər arasında yüksək nəticə əldə edib.
Namizədlərin seçimi “Capture The Flag” (CTF) formatında keçirilib. 2025-ci il dekabrın 20-də baş tutan ilk mərhələdə 80 nəfər iştirak edib. 2026-cı ilin yanvarında keçirilən ikinci mərhələnin nəticələrinə əsasən seçilmiş 10 namizəd fevral–avqust aylarında intensiv hazırlıq proqramına cəlb olunub.