Bu il noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək “INMerge 2026” İnnovasiya Sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub.
"APA-Economics" xəbər verir ki, "PAŞA Holding"in təşkilatçılığı ilə keçiriləcək sammitdə müraciətlər arasından seçilmiş 120 startapın, 200-dən çox beynəlxalq spikerin və minlərlə iştirakçının bir araya gəlməsi gözlənilir.
Sammitin əsas istiqamətləri startap ekosisteminin inkişafı, yeni texnologiyaların təqdimatı və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi olacaq.
Tədbirdə texnologiya, biznes, iqtisadiyyat və innovasiya sahələrində tanınmış şəxslər çıxış edəcəklər. Onların arasında beşqat “Grand Slam” çempionu və sahibkar Mariya Şarapova, “Google X”in keçmiş baş biznes direktoru Mo Qavdat, “Nike”ın keçmiş baş marketinq direktoru Qreq Hoffman və 2025-ci il iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Coel Mokir yer alır.
Mariya Şarapova hazırda sahibkar və investor kimi fəaliyyət göstərir, “Moncler” şirkətinin direktorlar şurasının üzvüdür. Mo Qavdat süni intellekt və onun cəmiyyətə təsiri üzrə ekspert, Qreq Hoffman isə “Emotion by Design” kitabının müəllifidir.
Nortvestern Universitetinin professoru Coel Mokir texnoloji tərəqqi və iqtisadi artım sahəsində tədqiqatlarına görə 2025-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Spikerlərin tam siyahısı və biletlərlə bağlı məlumat sammitin rəsmi inmerge.az saytında yerləşdirilib.
Qeyd edək ki, PAŞA Holding-in təsis etdiyi “INMerge” İnnovasiya Sammiti 2021-ci ildən etibarən hər il keçirilir. Tədbir Azərbaycan, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Avropadan investorları, startapları, şirkətləri və dövlət qurumlarının nümayəndələrini bir araya gətirir.