Bank Of Baku

MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib

MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib
# 17 noyabr 2026 17:18 (UTC +04:00)

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) vətəndaşları “Azərpoçt” MMC-nin adından istifadə edilməklə həyata keçirilən yeni fişinq kampaniyası barədə xəbərdar edir.

"APA-Economics" agentliyə istinadən xəbər verir ki, əldə olunan məlumatlara əsasən, kiberdələduzlar xarici nömrələr vasitəsilə istifadəçilərə “Təcili Çatdırılma Problemi Bildirişi” başlıqlı saxta SMS mesajları göndərirlər. Mesajlarda poçt indeksinin qeyd edilməməsi səbəbindən “dəyərli əşya” kimi təqdim olunan bağlamanın çatdırılmasının mümkün olmadığı bildirilir və ünvan məlumatlarının müəyyən edilmiş tarix və saata qədər yenilənməsi tələb olunur.

İstifadəçilərə psixoloji təzyiq göstərmək məqsədilə mesajlarda əlavə xidmət haqlarının tutulacağı, bağlamanın 72 saat ərzində göndərənə qaytarılacağı və geri qaytarılma xərclərinin alıcının üzərinə düşəcəyi qeyd edilir.

Fişinq mesajlarında “çatdırılma ünvanını təsdiqləyin” adı altında “ASAN Pay” xidmətinin adına bənzədilmiş saxta keçidlərdən (məsələn, asanvpay[.]cyou) istifadə olunur. Eyni zamanda, bildirişin təsdiqlənməsi üçün istifadəçilərdən mesaja “1” cavabını göndərmək tələb edilir. Bu üsul istifadəçinin aktiv nömrədən istifadə etdiyini müəyyənləşdirmək və onu saxta keçidə yönləndirmək məqsədi daşıyır.

Saxta keçidə daxil olduqda istifadəçilərdən çatdırılma ünvanı, ad, soyad və mobil telefon nömrəsi kimi fərdi məlumatları təqdim etmək, növbəti mərhələdə isə guya çatdırılma xidmət haqqının ödənilməsi üçün bank kartı məlumatlarını daxil etmək tələb olunur. Nəticədə əldə edilən kart məlumatları vasitəsilə vətəndaşların bank hesablarındakı vəsaitlərin mənimsənilməsi riski yaranır.

MKA vətəndaşlara aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edir:

“Azərpoçt” və digər rəsmi qurumların adından göndərilən bildirişlərin mənbəyini yoxlayın. Xarici ölkə kodlarına malik naməlum nömrələrdən göndərilən mesajlara şübhə ilə yanaşın.

SMS və ya messencerlər vasitəsilə göndərilən şübhəli keçidlərə daxil olmayın. Xüsusilə .cyou, .top, .xyz və digər şübhəli domenlərə diqqət yetirin.

Naməlum nömrələrdən gələn mesajlara “1”, “Bəli” və ya digər təsdiq cavabları göndərməyin.

“Azərpoçt”, “ASAN Pay” və digər xidmətlərin rəsmi veb-saytlarına daxil olarkən domen adlarının düzgünlüyünü yoxlayın.

Şübhəli veb-səhifələrdə şəxsi məlumatlarınızı, bank kartı rekvizitlərinizi (kart nömrəsi, bitmə tarixi, CVV/CVC kodu) və SMS vasitəsilə göndərilən birdəfəlik təsdiqləmə kodlarını daxil etməyin.

Bağlamaların statusunu yalnız “Azərpoçt”un rəsmi veb-saytı (azerpost.az), ödənişləri isə “ASAN Pay”in rəsmi platforması (asanpay.az) vasitəsilə yoxlayın və həyata keçirin.

Bank kartı məlumatlarınızı şübhəli səhifədə daxil etmisinizsə, dərhal bankınızla əlaqə saxlayaraq kartın bloklanmasını təmin edin və hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR