Azərbaycanda kibertəhlükəsizlik, süni intellekt, robototexnika və İKT üzrə təlim və məsləhət xidmətləri göstərən şirkətlər texnopark rezidenti kimi qeydiyyatdan keçərək müvafiq güzəştlərdən yararlana biləcəklər.
“APA-Economics” xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri Fərid Osmanov texnologiya və innovasiya sahəsində qanunvericilik dəyişikliklərinə həsr olunmuş media brifinqində bildirib.
“Bildiyiniz kimi, ötən dövrlərdə texnopark fəaliyyətində əsas sistem inteqrasiyası və proqram təminatının hazırlanması üzrə qeydiyyat prosesi, yalnız məşğul olan İKT müəssisələri qeydiyyatdan keçə bilirdi. Hal-hazırda bu fəaliyyət sahəsi kifayət qədər genişləndirilmiş və bu sahəyə həmçinin məhz kibertəhlükəsizlik, süni intellekt, IoT, robototexnika və İKT üzrə təlim, məsləhət xidmətləri göstərən şirkətlər də artıq texnopark güzəştlərindən faydalana biləcəklər və texnoparkda rezident olaraq qeydiyyatdan keçə biləcəklər.
Ümumiyyətlə, texnoparkın konsepsiyası nədən ibarətdir? Texnoparkda qeydiyyat prosesi üçün konkret bir məkandan asılılıq yoxdur. İstər ölkəmizin digər bölgələrində də fəaliyyət göstərən İKT müəssisələri rəqəmsal müstəvidə, rəqəmsal formada texnoparkda qeydiyyatdan keçərək rezident statusu ala biləcəklər”, - deyə o qeyd edib.