Paşha Bank
Bank Of Baku

Azərbaycanda süni intellektin təhlükəsiz tətbiqi ilə bağlı yeni tələblər qəbul olunacaq

Azərbaycanda süni intellektin təhlükəsiz tətbiqi ilə bağlı yeni tələblər qəbul olunacaq
# 20 oktyabr 2026 11:01 (UTC +04:00)

Azərbaycanda dövlət qurumlarında süni intellekt texnologiyalarının təhlükəsiz tətbiqi ilə bağlı yeni tələblər hazırlanır.

"APA-Economics" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov Bakıda keçirilən Dövlət Qurumlarının İT Rəhbərlərinin VIII Zirvə Toplantısında bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda sözügedən tələblərin qəbul olunması və dövlət qurumlarında tətbiqinə başlanılması nəzərdə tutulur.

"Növbəti addımlar etik süni intellektlə bağlı normativ qaydaların və tələblərin qəbul olunması, həmçinin dövlət qurumlarında təbii dil emalı modellərinin tətbiqi istiqamətində işlərin görülməsi olacaq", – deyə Nadir Novruzov bildirib.

O qeyd edib ki, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) süni intellekt sahəsində artıq 5 standart qəbul edib.

Həmin standartlar etika, idarəetmə, təsir, audit və sınaq istiqamətlərini əhatə edir.

İdarə rəisinin sözlərinə görə, Nazirlər Kabineti 2026-cı ildə süni intellekt sahəsində 11 prioritet istiqamət müəyyənləşdirib və həmin istiqamətlər üzrə müvafiq dövlət qurumları təyin olunub.

Nadir Novruzov əlavə edib ki, hazırda Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyində müxtəlif süni intellekt həllərinin tətbiqi üzərində iş aparılır.

"Bəzi dövlət qurumları süni intellekt həllərini artıq tətbiq edir, digərləri isə buna hazırlaşır. İqtisadiyyat Nazirliyində superkompüterlər alınaraq quraşdırılıb və dövlət qurumlarının istifadəsinə verilib. Bildiyimiz qədər, “AzInTelecom”da da superkompüterlər quraşdırılır və müxtəlif qurumlar onlardan istifadə edir", – deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR