Regional inteqrasiya və rəqəmsallaşma gənclər üçün yeni iqtisadi imkanlar yaradır.
"APA-Economics" xəbər verir ki, bunu İslam İnkişaf Bankının İqtisadi və Sosial İnfrastruktur Departamentinin direktoru İdrissa Dia Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində "Sərhədsiz Gənclər: Ortaq Regional Rifahın Hərəkətverici Qüvvəsi" mövzusunda təşkil olunan sessiyada bildirib.
Onun sözlərinə görə, sərhədlərarası ticarət gənc sahibkarlar üçün bazarları genişləndirir, əmək mobilliyi isə onlara imkanların olduğu yerlərdə işləməyə şərait yaradır: "İnkişaf etmiş rəqəmsal infrastruktur Bakıda yaşayan bir gəncin Almatı, Dəkkə və ya Dakardakı müştərilərə xidmət göstərməsinə imkan verir".
O həmçinin bildirib ki, Azərbaycanın Orta Dəhliz, Bakı Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji layihələri regional əlaqəliliyin güclənməsinə və gənclər üçün yeni imkanların yaranmasına mühüm töhfə verir.