Dövlət Proqramında bir neçə fundamental istiqamət xüsusi olaraq müəyyən edilib.
APA xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı Qubada regional müşavirədə deyib.
"Bunlara intensiv bağ sahələrinin genişləndirilməsi, meyvəçilik və tərəvəzçilikdə məhsuldarlığın yüksəldilməsi, buğda məhsuldarlığının artırılması, müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin genişləndirilməsi, istixana təsərrüfatlarının inkişaf etdirilməsi, intensiv heyvandarlıq təsərrüfatlarının artırılması, quş əti istehsalının genişləndirilməsi, saxlama və emal imkanlarının yaxşılaşdırılması daxildir", - nazir müavini qeyd edib.
O bildirib ki, bununla yanaşı, proqram yalnız istehsal istiqamətlərini deyil, həm də onları dəstəkləyən tədbirləri əhatə edir: "Qanunvericilik təşəbbüsləri, institusional islahatlar və rəqəmsallaşma bu proqramın mühüm dayaqlarıdır. “Aqrar sahə haqqında”, “Toxumçuluq haqqında”, “Balıqçılıq haqqında” qanunvericiliyin təkmilləşdirilməsi, subsidiya qaydalarına, kənd təsərrüfatı texnikalarına və müasir istehsal vasitələrinə güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərin yenilənməsi nəzərdə tutulur. Eyni zamanda “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin yaradılması, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin regional əsasda idarəetməyə keçidi, aqrar süni intellekt sisteminin genişləndirilməsi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin məlumat əsaslı alt sistemlərinin inkişafı sahənin daha çevik və məlumatlara əsaslanan şəkildə idarə olunmasına xidmət edəcək.
Proqramın mühüm istiqamətlərindən biri buğda istehsalının və məhsuldarlığının artırılmasıdır. Bu sahədə yanaşma daha hədəfli şəkildə formalaşdırılır. Rayonlar torpaq potensialına, suvarma imkanlarına, mövcud infrastruktura, təsərrüfatların böyüklüyünə, lazer hamarlama və müasir texnologiyaların tətbiqi imkanlarına görə qruplaşdırılır. Buğda istehsalı üzrə 22 hədəf rayon müəyyən edilib. Bu rayonlar ölkədə istehsal olunan taxılın böyük hissəsini təmin edir və burada suvarılan sahələrin, müasir suvarma sistemlərinin, aqropark infrastrukturunun və lazer hamarlama imkanlarının genişləndirilməsi üçün daha əlverişli şərait mövcuddur".