Bank Of Baku

İlhamə Quliyeva: “Oğlumun günahı varsa, cəzasını çəkəcək” - EKSKLÜZİV FOTOSESSİYA

İlhamə Quliyeva: “Oğlumun günahı varsa, cəzasını çəkəcək” - <font color=red>EKSKLÜZİV FOTOSESSİYA</font>
# 25 iyun 2008 11:29 (UTC +04:00)
- Oğlunuz Orxan Nadirovun həbsini necə qarşıladınız? Sizcə, Orxan həqiqətənmi təqsirkardır?
- Orxan böhtana, şərə düşüb. Allahın köməkliyi ilə haqq yerini tapacaq. Əlbəttə, övladının səhv addımının nəticəsi hər bir valideyn üçün acınacaqlı olur. Ancaq Orxan bu işdə günahsız günahkardır, inanın mənə. Bilirsiniz ki, Orxan əsgərlikdədir, sadəcə onu şərləyiblər. Mən bu işə görə heç kəsə zəng edib, heç nə xahiş etməmişəm. Çünki oğlumun günahsız olduğuna əminəm. Orxanın ən böyük günahı mənim ona icazə vermədiyim insanla ünsiyyətdə olmasıdır. Orxana Yalçın Həsənovla ünsiyyətdə olmağı qəti qadağan etmişdim. Biz Yalçını bir neçə il əvvəl tanımışıq. Həmin vaxt ondan BMW markalı avtomobil almışdıq. Yalçını və ailəsini təhqir etmək istəmirəm. Ailəsi Yalçının bu əməllərinə görə təqsirkar deyil. Bu həyatdır və həyatda hər bir insanın başına iş gələ bilər. Bəzi qəzetlər yazır ki, guya Orxan narkoman olub. Orxan narkoman olsaydı, onu heç vaxt hərbi xidmətə aparmazdılar. Axı onları əsgərliyə aparmazdan əvvəl qanlarını yoxlayırlar. İndi saxlandığı idarədə də Orxanın qanını yoxlayıblar, tər-təmiz çıxıb. O, Allahla oturub-duran, tərbiyəli, savadlı insandır. Mənim yanımda olan insanların hamısı bilir ki, Orxan necə tərbiyə alıb. Bəzi tərbiyəsizlər, 75 yaşına çatsa da, mədəniyyətdən xəbəri olmayan kimsəsizlər, unudulmuşlar deyirlər ki, mən Orxana pis tərbiyə vermişəm. Mən isə Orxana çox yaxşı tərbiyə vermişəm. Orxan hələ gəncdir, əgər hansısa səhvləri varsa, onu düzəltməyə vaxtı var. Amma qatarı getmişlərin səhvlərini düzəltməyə vaxtı olmayacaq. Bütün hallarda günahı varsa, Orxan heç kimdən artıq deyil, getsin cəzasını çəksin. Amma Allah da bilir ki, onun günahı yoxdur. Görünür, Yalçını Orxanın onunla ünsiyyət saxlamasına icazə verməməyim sinirləndirib. Tutulmamışdan bir neçə gün əvvəl Yalçına telefon açdım, ona Orxandan əl çəkməyi söylədim. Orxan hərbi xidmətini Bakıdan kənarda keçir. Analar var ki, oğullarının hərbi xidmətini Bakıda keçməsi üçün xahiş edirlər. Ancaq mən respublikanın hərbi komissarından xahiş etdim ki, Orxanı Bakıdan kənara göndərsin, gedib əsgərlikdə bərkisin, vətənə xidmət eləsin. Ailəmiz haqqında danışılan uydurmalar, fantaziyalar məni kədərləndirir. Deyirlər ki, guya Orxan Türkiyədə müğənnilik edən bacımın oğludur, guya mənim qanunsuz övladımdan olan nəvəmdir, nə bilim daha nələr... Arxiv var, sənədlər var, qanun var. Bu məsələlər kimləri maraqlandırırsa, getsinlər, araşdırsınlar ki, Nadirov Orxan Əhmədağa oğlu kimin övladıdır və kimin nəvəsidir. Bu qədər yalan olmaz, axı. Bəlkə övladım səhv edib, məgər yıxılana balta vurarlar?..
- Orxan Sizin oğlunuz deyil?
- Orxanı mən 40 günlüyündən saxlamışam. Onun anası Lalə Kərimova İlyas qızıdır. Lalənin anası isə mənim kiçik xalam Dürsədəfdir. Orxan mənim balamdır. Uşağı dünyaya gətirən yox, onu saxlayan, tərbiyə və çörək verən anası sayılır. Mənim balam heç zaman tərbiyəsiz olmayıb. Sadəcə, düşdüyü mühit onu bu vəziyyətə salıb. Yalçınla dostluğundan istifadə edib onu qarmağa keçirdilər. Yalçınla mən çox sərt danışdım, bəlkə də elə bilirlər ki, onları mən tutdurmuşam. Ona görə də məndən heyf çıxmaqdan ötrü istintaqda Orxanın adını çəkiblər, izahatlarında onun adını yazıblar. Orxan da deyir ki, heç nə eləməyib, heç nə bilmir. Orxan elə uşaq deyil, bu yaxınlarda Məşədi ziyarət edib, namaz qılır. O, heç siqaret belə çəkmir. Bu iş aydınlaşandan sonra Orxanın narkoman olduğunu yazdığına görə “Yeni Müsavat” qəzetini məhkəməyə verəcəyəm. Ümumiyyətlə, hansı qəzetdə mənim ailəmin və övladımın şərəf və ləyaqətinə toxunulub, böhtanlar atılıb, onların hamısının cəzasını verdirəcəyəm. Hələ susuram, ona görə ki, uşağımın günahsızlığı hələ sübut olunmayıb. Tutalım ki, lap günahkardır, siz müsəlman, insan deyilsiniz, məni dəstəkləməkdən, ürək-dirək verməkdən, görün nə edirsiniz, utanmırsınız? Bandanın başçısı qalıb kənarda, ancaq Orxandan yazırlar, nə var-nə var, onun anası şəxsiyyətdir. 40 ildən artıqdır, dövlətimizə, xalqımıza xidmət edirəm. O qədər statusum, imkanım var ki, uşağıma kömək olunması üçün xahiş edim. Amma mən bunu etmirəm. Əslində, buna ehtiyac da yoxdur, çünki Orxan günahsızdır.
- Bəlkə bütün bunlar Sizə qarşı məqsədli təşkil olunub?
- Ağ atın üstündə oturan statuslu şəxsiyyəti heç kim və heç nə sındıra bilməz. Məni həyatda təkcə Tükəzban xanımın vəfatı sındırıb. Ancaq mən yenə də ruhdan düşmürəm. Bilirəm ki, anam hər zaman yaşayacaq. O, Azərbaycan incəsənətində canlı tarix idi. Sənət aləmində mənə qısqanclıq edən ifritələr var, yaşı 75-i keçmiş ifritələr... Allah onların gözlərini kor, özlərini iflic edib. Mənə şər, böhtan atır ki, guya övladımı pis tərbiyə eləmişəm. Bəzi qəzetlər mənim hesabıma tanınmaq istəyir, mən isə onlara fikir vermirəm. Eybi yox, Allah hər kəsə yerini göstərir. Tükəzban xanımın adı çəkiləndə, mən kövrəlirəm, Orxanın adı çəkiləndə isə ağlamıram, heç fikir də eləmirəm. Sadəcə, bu hadisələrdə bir daha gördüm ki, paxıllığımı çəkən nə qədər insan var, hamısı üzə çıxdı. Təbii ki, məni dəstəkləyənlər də oldu. Nə qədər sənət adamı mənə zəng edib mənəvi dəstək olur. İnanıram ki, məhkəmələr düzgün və insaflı işləyəcək, ədalətli qərar verəcək. Orxanın anası vətəninə bu qədər xidmət edib, Azərbaycanın bayrağını bir çox ölkədə qaldırıb, belə ananın övladı heç vaxt elə tərbiyəsiz işlərlə məşğul ola bilməz. Sadəcə, səviyyəsində olmayan insanlarla dostluq etməsi onun ən böyük qəbahətidir.
- Bir-birinin ardınca Tükəzban xanımın itkisi və oğlunuzun həbsi Sizə necə təsir etdi?
- Səhhətimdə bir sıra problemlər yaranıb. Bir müddət əvvəl Almaniyada səhhətimlə məşğul oldum. Tükəzban xanımın dərdi məni öldürdü. Yenə də hazırlaşıram ki, gedib müalicə olunum.
- İlhamə Quliyevanın son vaxtlar efirlərdə görünməməsinin səbəbi nədir? Heç yaradıcılıqda da yenilik hiss olunmur...
- Anasını itirən insan yaradıcılığına ara verməməlidir? Anam dünyadan köçüb, mənim indi oxuyan, şənlənən vaxtımdır? Anamın vəfatına görə yaradıcılığıma bir balaca ara vermişəm ki, bu da təbiidir. Televiziya kanallarında da özüm görünmək istəmirəm. Bütün televiziya kanallarının rəhbərliyinə demişəm ki, hələlik məni efirə çağırmasınlar, köhnə konsertlərimi də yayımlamasınlar. İnşallah yaradıcılığıma prezident seçkiləri ərəfəsində start verəcəyəm. İlham Əliyevi alternativsiz prezident seçəcəyik. Mən buna əminəm. Payızda Avropa ölkələrinə səfərlərim var. Mənim “Əsrin prezidenti” adlı bir layihəm var. Bu layihəni 2003-cü ildə çox gözəl, təmtəraqla keçirmişdim. Hətta mənim bu layihəmin oğruları da var. Belə davam etsə, həmin insanın adını açıqlayacağam. Xəbərdarlıq edirəm ki, özlərini yığışdırsınlar. Bu il Heydər Əliyevin 85 yaşı tamam oldu, mənim ağır günlərimə düşdü, mən o tədbiri keçirə bilmədim. Bu ilin sonuna kimi Azərbaycan diasporlarının iştirakı ilə “Əsrin prezidenti” adlı layihəni Avropanın bir sıra ölkəsində davam etdirəcəyəm.
- Ötən il səhnə fəaliyyətinizin 40 illiyi ilə əlaqədar hesabat konserti vermək niyyətindəydiniz, ancaq baş tutmadı...
- 1965-ci ildən professional səhnədəyəm, Azərbaycanın və Dağıstanın xalq artistiyəm. Ailəmizin üzvlərindən üçü xalq artisti, ikisi “Şöhrət” ordenlidir. Bir ailədə bu qədər sənətkar olduğundan gərək ünvanımıza tərbiyəsiz fikir söyləməkdən çəkinsinlər. Həşəratlar, çamıra, çirkaba batanlar, qatarı getmişlər, tüpürdüklərini yalayanlar olmasaydı, sənətə nə boyda mədəniyyət, hörmət, ehtiram olardı. Adını çəkmək istəmədiyim qatarı getmiş birisi müsahibə verir, mənim hesabıma özünü reklam etmək istəyir. Sənəti, nüfuzu yoxdur axı, unudulub. Mən ağ atın üstündəyəm, o isə uzunqulaqla gəldiyindən mənə çata bilmir. Elələrini yüz dəfə məhkəməyə verərdim, amma Allahın məhkəməsinə buraxmışam.
- Bir neçə il əvvəl bir filmdə çəkilmisiniz. Bu ənənəni davam etdirməyi düşünmürsünüz ki?
- Üç il əvvəl “Adam ol” filmində çəkilmişəm, deyirlər pis alınmayıb. Bir seriyasında çəkildim, sonra ürəyim istəmədi. Amma Vaqif Mustafayev və Oqtay Mirqasımov deyiblər ki, məni mütləq filmə çəkəcəklər.
- Hansı rolu canlandırmaq keçir ürəyinizdən?
- Kübar bir xanım, ana, ev xanımı, həyat yoldaşı tərəfindən sevilən müsbət qadın rolu oynamaq istərdim. Mənfi rola heç vaxt getmərəm, çünki mən həyatda da çox müsbət insanam...
- İlhamə Quliyevanın sənətdə dostu varmı?
- Bir-iki nəfərdən başqa hamı mənim dostumdur. O bir-iki nəfər də mənim üçün yoxdurlar. Onlar sənətdə yararsız elementlərdir. Belələrini insan belə saymıram. Tükəzban xanımın yas mərasimlərində insanlar əlindən tərpənmək mümkün deyildi. Mən belə şey görməmişdim. Minlərlə insanlar gəldi anamın yas mərasiminə. Təbii ki, onlar hamısı mənim dostumdur. Mən bayıra-bacağa çıxmıram, bağda oturub dincəlirəm, sənət adamları ziyarətimə gəlir. Sənətdə uşaqdan-böyüyə hamısı məni çox istəyir, mən də onları çox istəyirəm. Bir çoxu ilə dostluq da edirəm.
- Doğrudanmı, Röya Sizin sözünüzlə hərəkət edir?
- Qatarı getmişin biri külək əsir, deyir, İlhamə tapşırıb... Xəstədir də, psixi cəhətdən anormaldır. Mənim adımı niyə hallandırır ki? Dilini dinc qoysun, cavabını da verməsinlər. Onun Röya ilə nə işi var, nə istəyir Röyadan, nə verib, ala bilmir?.. Anamın ruhuna and içirəm ki, mənim bu işlə heç bir əlaqəm yoxdur. O deməklə deyil ki, quru palçığı divara yapışdırmaq olmur axı... Bir Röyaya sual verin ki, onu 75 yaşında qoca arvadla çarpışmağa nə vadar edir, nəyə görə onunla savaşır? Röya deyir ki, “O bir dəfə mənə zəng elədi ki, niyə sən İlhamədən üzr istəyib barışmısan?” Röya heç vaxt mənim haqqımda bir söz deməmişdi, yazıq qız. Bir kəlmə demişdi ki, “Mən bilmirəm primadonna nədir?” Bunu qəzetlər böyütdü, şişirtdi. Mən Röya ilə yaxınam, Orxanla da dostdur. Röya o qədər bizə gəlib-gedib ki... Həmin vaxt mən Röyadan yox, yazı-pozulardan incimişdim. O da məcbur oldu ki, canlı efirdən çıxıb məndən üzr istəsin. Bu onun böyüklüyüdür. Kim mənə qarşı münasibətdə səhvə yol veribsə, milyonlarla tamaşaçı qarşısında canlı efirdə məndən üzr istəyib. Bu da onu yandırır. Röya mənə dedi ki, zəng edib deyib ki, niyə İlhamədən üzr istəyib? Axı sən kimsən? Sən özün gözəl bilirsən ki, İlhamə səni bir saniyənin içində torpaq edər. Sadəcə, mən sənə baş qoşmuram, 15 ildir, tutuquşu kimi eyni şeyləri deyirsən, yazırsan. Bütün dediklərin də şər, böhtandır. Allah gözlərini vurdu çıxartdı, kor eynəyində gəzirsən, özün də iflicsən. Bəsdir də, əl çək camaatdan.
- Uzun illərdir, davam edən bu münaqişənin sonu olacaqmı? Münasibətlərinizin nə zamansa düzəlməsi mümkündürmü?
- Heç zaman, heç o dünyada da düzəlməz. Demişəm ki, bu həyatda mən bir-iki adamı tanımamışam, tanımaq da istəmirəm. Hərdən çıxıb deyir ki, “istəyirlər, bizi barışdırsınlar, mən istəmirəm”. Sən kimsən, sən yalvarırsan, ürəyin uçur ki, səninlə barışım. Heç vaxt mən ona cavab verməmişəm. Gedin onun pasportunu qaldırın, baxın, sonra da arxivdə metirkasına baxın, görün onun necə yaşı var. 75 yaşındadır. Həmişə mənim yaşımdan danışır. Məndən 15 yaş böyükdür, nə istəyir məndən?
- Bu gün Azərbaycan mədəniyyətində, musiqi sənətində baş verənləri İlhamə Quliyeva necə qiymətləndirir?
- Çox dəhşət, bərbad haldayıq. Bu şou-biznes aləmi çox biabırçılıqdır. Bunlara son qoymaq lazımdır. Qabaq bizdə Bədii Şura var idi. Sözlərə, musiqiyə, geyimə nəzarət edilirdi. Hər şeyin həddi var, əndazədən çıxmaq olmaz. Biz də cavan olmuşuq, amma elə olmayıb. Ancaq gənclərə irad tutanların arasında elələri var ki, özünə baxsa, daha yaxşı olar. Mən cavanlarda günah görmürəm, günah televiziya kanallarındadır. Reklam xatirinə, özlərini piar etmək üçün, reytinqə görə insanların daxili aləminə, mətbəxinə girirlər. Çox hadisələr baş verir, danışmağa belə utanıram. Hər şey pozulub əndazədən çıxıb, bunu düzəltməyə bizim gücümüz yetməz. Elələri var, efirə sərxoş çıxır, baş-göz daranmayıb, geyinməyib. Qadın xeylağı çıxır efirə ağzına gələni danışır. Belələrini canlı efirə buraxmasınlar, çəksinlər sonra da montaj edib efirə versinlər. Biabırçılıqdır, nə deyim. Son bir ili heç televizora baxmıram, görəndə də deyirəm ki, Allah bunlara ağıl versin.
- İlhamə Quliyeva gənclərdən kimə qulaq asır?
- Natəvan Həbibini bəyənirəm. Çox orijinal oxuyur. Röyanın balaca, ancaq ürəkdən gələn səsini sevirəm. Onu da deyim ki, Röya ötən illərə nisbətən geyimini düzəldib, adət-ənənələrimizə riayət edir. Natəvan səliqəli və istedadlı qızdır. Elnur, Zamiq, Eltona qulaq asıram.
- Öz ifanızda hansı mahnıya qulaq asmağı sevirsiniz?
- İfama baxanda, qulaq asanda ancaq özümü tənqid edirəm. O qədər əyir-əskiklik tapıram ki... Ancaq “Unut məni”, “Yandım, elə yandım”, “Səni itirməkdən qorxuram”, “Kaman”, “İncitmə qəlbimi” kimi unudulmaz mahnılarım var. İfa etdiyim beş mahnının sözlərinin müəllifi özüməm.
- Yaddaqalan verilişlərin aparıcısı olan İlhamə Quliyevanın bu gün sənət adamlarının apardığı verilişlərə münasibəti necədir?
- Halva-halva deməklə ağız şirin olmur. Bəzi aparıcılar verilişlərində özlərini ifşa edirlər, əgər-əskiklərini, savadsızlıqlarını, özlərini apara bilmədiklərini göstərirlər. Canlı efir qorxulu bir şeydir. Elələri var, veriliş aparmasalar, yaxşıdır, gedib mahnılarını oxusunlar. Mənim “İlhamənin musiqili qonaqları” və “Primadonnanın qonaqları” verilişi olub. Bu verilişi mən özüm dayandırdım, çünki pullu veriliş idi. Bir ildən sonra özüm dayandırdım verilişi. Rəhbərlik deyib ki, nə zaman sponsor tapılsa, davam edə bilərəm. Ancaq mənim sponsor söhbətindən zəhləm gedir. Heç zaman sponsordan istifadə etməmişəm.
- Dünya Azərbaycanları Konqresində baş verənlərə münasibətiniz necədir?
- Biz danışıqlar aparmışdıq və Qulamrza Təbrizi ilə Sabir Rüstəmxanlı birlik qurultayının keçirilməsinə razılıq vermişdilər. Lakin Sabir Rüstəmxanlı verdiyi sözə əməl etmədi, bundan sonra ayrı-ayrılıqda hərə öz qurultayını keçirdi. Bu qurultayların heç biri legitim deyil. Güman edirəm ki, birlik qurultayımız olacaq. Onlar qanunsuz qurultayların qanunsuz seçdiyi qeyri-legitim sədrlərdir. Bir qurultayda ki, dövlət başçısının təbrik məktubu oxunmadı, Nazim İbrahimov iştirak etmədi, o, qeyri-legitim, yalançı qurultaydır.
- DAK-da fəaliyyətinizi davam etdirəcəksiniz?
- Əlbəttə... Mən 2003-cü ildə keçirilmiş qurultayda DAK-ın Mədəniyyət Akademiyasının vitse-prezidenti, ötənilki qurultayda Akademiyanın prezidenti seçilmişəm. Məni heç kəs bu vəzifədən çıxara bilməz. Ona görə ki, əsl DAK bizik - mən, Xəzər Emin, Həvva Məmmədova, Niyaməddin Musayev... Əsl DAK-ın nümayəndələrinin heç biri o qurultaylarda iştirak etməyib. Baxmayaraq ki, həm Qulamrza Təbrizi, həm də Sabir Rüstəmxanlı məni qurultaylarına dəvət etmişdi. Ancaq dövlət iştirak etmədiyinə görə, mən də ora getmədim. Mən həmişə demişəm ki, dövlət harada, mən də orada... Ona görə güman edirəm ki, DAK-ın əsl qurultayı olacaq və layiqli sədr seçiləcək. Mənim üçün kimin sədr olmasının qətiyyən əhəmiyyəti yoxdur.























1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR