Bank Of Baku

Rejissor Tahir Əliyev: “84 yaşlı Anjelika Mehdi Hüseynzadənin məzarı önündə göz yaşını saxlaya bilmədi” - FOTOSESSIYA

Rejissor Tahir Əliyev: “84 yaşlı Anjelika Mehdi Hüseynzadənin məzarı önündə göz yaşını saxlaya bilmədi” - <font color=red>FOTOSESSIYA</font>
# 21 iyul 2008 12:15 (UTC +04:00)
- Mehdi Hüseynzadə haqqında sənədli film çəkmək ideyası necə yarandı?
- Mehdi Hüseynzadə haqqında film çəkmək olduqca şərəfli işdir. Çəkilişə başlamazdan əvvəl filmin bədii rəhbəri Tofiq Məmmədovla Mehdi Hüseynzadə haqqında cəmiyyətin bilmədiklərini və naməlum həqiqətləri ortaya çıxarmaq qərarına gəldik. Filmin çəkilişinə başlamazdan əvvəl böyük tədqiqatlar apardıq və Rusiya Dövlət Kino Arxivindən Mehdinin Sovet İttifaqı Qəhrəman adını almasında rolu olan insanların və hadisələrin xronika materiallarını əldə etdik. Daha sonra filmin ssenari müəllifi İntiqam Qasımzadə ilə birgə işə başladıq. Təəssüf ki, Mehdi Hüseynzadə ilə birgə döyüşən azərbaycanlı partizanlardan heç kim sağ qalmayıb. Cavad Həkimli, Cabbar Quliyev, Mirdamət Seyidov, Mikayıl Qulubəyov dünyalarını dəyişib. Cavad Həkimli partizan Mehdi Hüseynzadənin komandiri olub. “Uzaq sahillərdə”ki filmdə Ələsgər Ələkbərov əslində Cavad Həkimlinin prototipini yaradıb.
- Bəs, “Mixaylo”nun Sloveniyadan olan partizan yoldaşlarından sağ qalan varmı?
- Bəli, Mehdi Hüseynzadənin sloven partizan yoldaşları hələ də yaşayırlar. Biz filmdə onların xatirələrinə yer vermişik, Mehdinin 10 nəfərə yaxın partizan yoldaşını lentə almışıq. Onların söhbətləri Mehdi Hüseynzadənin əsil qəhrəman olduğu bir daha təsdiqləyir. Çəkilişləri Avstriya, Sloveniya və İtaliyada aparırdıq. Sabiq partizanlar bizə “Uzaq sahillərdə” filmindən tanış olan Anjelikanın, yəni Mehdinin sevdiyi qızın sağ olduğunu söyləyəndə, qulaqlarımıza inanmadıq.
- Anjelika ilə görüşə bildinizmi?
- Mehdinin Sloveniyada partizan hərəkatında iştirak etdiyi vaxt sevdiyi qızın əsl adı Anjelidir. O əslən sloveniyalıdır. Biz böyük təkidlərdən sonra Anjeli xanımla görüşə bildik. Anjeli 1944-cü ildə Mehdi Hüseynzadə ilə çəkdirdiyi şəkli də bizə verdi. Hazırda Anjeilinin 84 yaşı var və bu yaşda da olduqca gözəldir. Biz onunla Mehdinin həlak olduğu yerdə görüşdük. Anjeli onun qəbri üstünə gedəndə hansı hissləri keçirdiyi gözlərindən görünürdü. “Mixaylo”nun məzarı önündə göz yaşlarını saxlaya bilmədi. Müharibədən sonra Anjeli ailə həyatı qurub. Bir qızı və bir oğlu var, sadə bir həyat yaşayır.
- Bəs, Sloveniyada “Mixaylo”nu xatırlayan varmı?
- Mehdini Sloveniyada hədsiz dərəcədə sevirlər, onun qəhrəmanlığı yerli camaat tərəfindən əfsanələşib. Mehdi Hüseynzadə, Cavad Həkimli, Mirdamət Seyidov da əfsanəvi döyüşçülər kimi xatırlanır. Sloveniyalılar Mehdini sözün əsil mənasında əbədiləşdiriblər. Novoqoritsa şəhərinin girəcəyində magistral yolunun kənarında Mehdi Hüseynzadənin heykəli, həlak olduğu yerdə isə xüsusi bir barolyef qoyulub. Sloveniyada Azərbaycan adını eşidərkən hamı “Mixaylo”nu xatırlayır. Mehdi Hüseynzadə Azərbaycanın oğlu, Sloveniyanın isə qəhrəmanıdır.
- Araşdırmalar zamanı “Mixaylo”nun hansı şəraitdə həlak olmasını dəqiqləşdirə bildinizmi?
- Mehdi Hüseynzadə əməliyyatlardan birində qəhrəmancasına həlak olub. “Uzaq sahillərdə” filmindən tamaşaçıya tanış olan Mehdinin dostu Vesilinin əsil adı Sar olub. Mehdi onunla birgə əməliyyatdan qayıdırkən ikimərtəbəli evin çardağında gizlənirlər. Bu zaman xəbər gəlir ki, almanlar artıq Vitovli kəndinə hücum edib və onlar “Mixaylo”nun axtarışına başlayıblar. Mehdi ilə Sar almanlarla döyüş olacağını gözləmirmiş. Sar çardaqdan aşağı enərkən almanlar onu vururlar. Bunu görən “Mixaylo” pəncərədən tullanır və bu zaman snayper gülləsinə tuş gəlir. Ağır yaralanan “Mixaylo” kənddən çıxmağa müvəffəq olsa da, lakin çoxlu qan itirdiyindən yoluna davam edə bilmir. “Mixaylo” elə oradaca dünyasını dəyişir. Lakin almanlar onun cəsədini tapa bilmirlər. Mehdi Hüseynzadənin cəsədini 12 yaşlı bir qız tapır. Həmin qızı da filmə çəkmişik. Həmin qız Vitovli kəndindəki arxın kənarında cəsədi tapır və “Mixayolo”nu elə oradaca dəfn edirlər. Üç gün sonra Cavad Həkimli “Mixaylo”nun cəsədini artıq burada saxlamağın mümkün olmadığını deyir və partizanlara almanların “Mixaylo”nun həlak olmasından xəbər tutduğunu deyir. Onlar “Mixaylo”nun cəsədini çıxarıb 30 kilometr kənarda yerləşən Çepovan kəndində qardaşlıq qəbiristanlığında dəfn edirlər. Həmin qəbirstanlıqda ən birinci qəbir Mehdi Hüseynzadənin məzarıdır. Mehdi Hüseynzadə 1944-cü il noyabrın 2-də vəfat edib. Onun qəbirüstü abidəsinin üzərinə “Mehdi Mixaylo” sözləri həkk olunub.
- Mehdi Hüseynzadənin nəşinin Azərbaycana gətirilməsi nə dərəcədə realdır?
- Fikrimcə, buna ehtiyac yoxdur. Qoy Avropada bizim nişanəmiz olsun. Yəni Avropada Azərbaycanın nə qədər nişanı olsa, bu, biz azərbaycanlılar üçün bir o qədər baş ucalığıdır. Mehdi Hüseynzadə onsuz da bizim oğlumuzdur, qoy onun qəbri Sloveniyada qalsın. Orada olduğumuz bir həftə elə bil “Mixaylo” həftəsi idi. Bütün partizanlar, Vitovli, Çepovan, Şenpas kəndi ayaq üstə idi. Biz ora gələndə bütün partizan yoldaşları iş-güclərini atıb “Mixaylo”nun abidəsinin ətrafına yığışmışdılar. Hər biri “Mixaylo” deyib ağlayırdı. “Mixaylo” onların hər birinin beyninə qəhrəman kimi həkk olunub. Biz orada “Mixaylo”nun rabitəçisi ilə də görüşdük. Artıq onun 90 yaşı var. Mehdi Hüseynzadə ilə bərabər Mirdamət Seyidov, Cavad Həkimli, Cabbar Quliyev, Mikayıl Qulubəyov da qəhrəmancasına vuruşublar. Bu gün slovenlər o torpaqda yaşadıqlarına və nəfəs aldıqlarına görə “Mixaylo”ya borcludurlar. Sloveniyada onu Mehdi Hüseynzadə kimi deyil, Mehdi Mixaylo kimi tanıyırlar. Mən Sloveniyadan Mehdinin doqquza yaxın şeirini tapıb gətirmişəm. Mehdi Hüseynzadə Qürbətzadə ləqəbi ilə şeirlər yazıb. Bu insan təkcə döyüşçü yox, həm də şair olub. Hələ o cür döyüşlər içərisində ola-ola sevmək... “Mixaylo” orada təkcə döyüşməyib, həm də yaşayıb.
- “Mixaylo” sənədli filmində Azərbaycan tamaşaçılarına məhz hansı faktlar ilk dəfə təqdim olunacaq?
- “Uzaq sahillərdə” filmi çəkilməzdən əvvəl də rejissor Tofiq Tağızadə, operator Əlisəttar Atakişiyev Mehdinin vuruşduğu məkanlara gediblər. Mehdinin adı ilə bağlı olan səhnələri görəndən sonra gəlib burada həmin dekorasiyaları yaradıblar. Biz isə tamaşaçıya orijinal, reallığı təqdim edəcəyik. Biz orada Mehdinin partlatdığı kinoteatrı və kazino binasını da lentə almışıq. Həmin binalar indi də qorunur. İtaliyanın Triest şəhərində Mixaylonun partlatdığı körpünü də lentə almışıq. Həmin şəhər o zamanlar Sloveniyanın ərazisi olub, indi isə şəhərin yarısı İtaliyanın, yarısı isə Sloveniyanın ərazisidir.
- Mixaylo həm də legioner həyatı yaşayıb...
- Əldə etdiyimiz materiallardan belə məlum oldu ki, “Mixaylo” sonuncu məktubu Stalinqraddan bacısına yazıb. Mehdi Stalinqrad uğrunda döyüşlərin birində əsir düşüb. Onun əsir olarkən saxlandığı Avstriyanın Mauthauzen həbsxanasını də lentə aldıq. Həmin həbsxanada olarkən bizi vahimə basdı. Bu həbsxanada əsirlər diri-diri yandırılıb. Azərbaycan əsirləri həbsxanada olduğu müddətdə 160-cı alman diviziyasının komandiri, polkovnik İsrafilbəy İsrafilbəyov olub. Həmin vaxt Məmməd Əmin Rəsulzadə, İsrafilbəy İsrafilbəyov və Fətəli bəy Düdənginski Azərbaycan əsirləri ilə görüşürlər. Onlar Azərbaycan əsirlərini ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparmağa səsləyiblər. Mehdi Hüseynzadə də bir qrup azərbaycanlı əsirlə birgə bu təklifi qəbul edir. O, alman və italyan dillərini mükəmməl bildiyinə görə, Düdənginskinin səyi nəticəsində Cavad Həkimli ilə birgə xüsusi məktəbdə təhsil alır. Daha sonra Mehdi Hüseynzadə 162-ci piyada diviziyasında kəşfiyyat idarəsinin rəisi təyin edilir. Həmin müddət Hitlerin Azərbaycana müstəqillik vermək fikri yox idi, yalnız 1945-ci il martın 27-də almanlar Azərbaycanın müstəqilliyini tanıyırlar. 1944-cü ildə Böyük Vətən Müharibəsində artıq siyasi və hərbi vəziyyət dəyişir. Bəlkə də gələcəkdə araşdırılması tələb olunan faktlardan biri də alman ordusunda qulluq edən azərbaycanlıların bir qisminin partizanların tərəfinə keçməsidir. 1945-ci ildə Stalin tərəfindən Mehdi Hüseynzadəyə və ümumən bütün əsirlərə ölüm hökmü kəsilir, onlar haqqında axtarış elan olunur. Moskva o zaman “Mixaylo”nun vəfat etdiyini bilmirdi. Həmin dövrdə onunla birgə Sloveniyada vuruşan azərbaycanlılar hamısı həbsxanada idilər. Əsirlikdən gələnlərin hamısını həbs etmişdilər. 1947-ci ildə İtaliya partizanlarının rəhbəri P. Tolyati Stalinlə görüşür və söhbət əsnasında Mehdi Hüseynzadənin qəhrəmanlığından danışır. Yalnız bu görüşdə “Mixaylo”nun məhz Mehdi Hüseynzadə olduğu məlum olmur. 1949-cu ildə Yuqoslaviya Kommunist Partiyasının rəhbəri Tito Stalinə “Mixaylo” haqqında danışır və Stalin onu tanıdığını deyir. “Mixaylo”nun Mehdi Hüseynzadə olması faktı orada ortaya çıxır. Stalin göstərişi 1950-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi Mehdi Hüseynzadənin işini araşdırmağa başlayır və onun haqqında bütün sənədlər toplanılır. 1958-ci ildə Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilir.
- Sloveniyada Mehdinin 90 illik yubileyi qeyd olunacaqmı?
- Əlbəttə, belə bir yubileyin keçirilməsi nəzərdə tutulur. Mehdinin həyatının son anlarını yaşadığı o məşhur çardaq bu gün istifadə olunur. O yer Azərbaycan hökuməti tərəfindən mütləq alınmalı və orada Mehdi Hüseynzadənin xatirə muzeyi yaradılmalıdır. İnanıram ki, 90 illik yubiley ərəfəsində bu ideya mütləq həyata keçiriləcək. Sloveniyada “Mixaylo”nun heykəlinin yanında bir məktəb var, həmin məktəbə Mehdi Hüseynzadənin adı veriləcək. Hazırda bununla bağlı iş gedir.
- “Mixaylo” sənədli filminin nə zaman ekrana çıxması nəzərdə tutulur?
- Film avtobioqrafik film olacaq. Şərti olaraq uşaqlığından gəncliyinə kimi bütün məlumatları verməyə çalışmışıq. Filmdə Mehdi poetik insan kimi göstəriləcək. Filmin operatoru Elşən Əliyev, montaj rejissoru Fərid Axundov, bədii rəhbəri Tofiq Məmmədovdur. Hazırda isə filmin montaj işləri aparılır. Filmin Avropada çəkilişinə göstərdiyi köməyə görə Azərbaycan səfirliyinin müşaviri Gəray Muradova, Novoqoritsa meriyasının əməkdaşı Andrey Kampara təşəkkürümüzü bildiririk.




Mehdi Hüseynzadənin Sloveniyadakı abidəsi




Anjeli Mehdinin həlak olduğu yerdə




Partizan yoldaşları Mixaylonun məzarı önündə




Mehdi Hüseynzadənin rabitəçisi onun məzarı önündə




Məşhur çardaq...




84 yaşlı Anjeli və Mehdi Hüseynzadənin partizan yoldaşları




Mixaylonun partizan yoldaşları




Filmdən kadr...
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR