Bank Of Baku

Flora Kərimova: “Ürəyimdəki mahnı hələ yazılmayıb” - FOTOSESSIYA

Flora Kərimova: “Ürəyimdəki mahnı hələ yazılmayıb” - <font color=red>FOTOSESSIYA</font>
# 22 iyul 2008 09:41 (UTC +04:00)
- Bu ad gününüz əvvəlkilərdən nə ilə fərqlənir?
- Bəlkə də bu mənim həyatımda ən önəmli ad günlərindən biridir. Doğum günümü təbrik etmək üçün Almaniyada yaşayan oğlum Oqtay, 17 yaşı tamam olan nəvəm Faiq ilk dəfə olaraq Vətənə gəlib. Böyük Britaniyada yaşayan qızım Zümrüd, kürəkənim Nazim də bu günümdə yanımdadır. Ana üçün bundan böyük nə xoşbəxtlik ola bilər? Bilirsiniz, mən ömrümü nəvəmə və gələcək nəvələrimə bağışlamışam. Çox xoşbəxtəm, çünki bütün sevdiklərim yanımdadır. Ən çətin vaxtlarımda belə düşünməzdim ki, nə zamansa bütün ailə başıma yığışacaq. Bu cür ailəm olacağını heç zaman ağlıma gətirməmişəm. Həyatımda üç əsas hədiyyə olub - oğlumun və qızımın doğum günləri, bir də bu gün bütün ailəmin başıma yığılmağı... Bu gün mənim iki oğlum var- bir Oqtay, o birisi isə kürəkənim. Qızım bu dəfə gəldikdən sonra məni öpüb dedi ki, “ana çox sağol ki, bizi belə böyütmüsən”. Zümrüdün atası dünyasını dəyişəndə elə bildim ki, artıq yetiməm. Həmin dövrdə mənə qarşı olan kəskin ictimai münasibət bu cür düşünməyə vadar edirdi. Yəni sözün həqiqi mənasında yetim idim. Əvvəllər kim nə edirdisə onu bağışlayırdım, ondan sonra nəinki hər hansısa bir hərəkəti, bir sözü belə udmaq istəmirəm. Mən həyatda kifayət qədər çəkmişəm. Allahıma dua edirəm ki, övladlarıma bu günü göstərməsin. Həyatda hər şeyi qazana bilərsən, ancaq qüruru satıb yenidən qazanmaq olmaz. Xaraktercə stabil insanam, həm mərd dostam, həm də mərd düşmən... Mənim həyat prinsiplərimə insanı satmamaq, hərdəmxəyallıq etməmək daxildir. Düzdür, xoşbəxtliyin nə olduğunu bilmirəm, ancaq bu gün həyatımdan çox məmnunam. Dünən bağda ağacları suladığımda tənhalq hissinə qapılmışdım. Bilirəm ki, müəyyən bir müddətdən sonra yenidən tək qalacağam. Bu ailənin bir yerə toplanmağı müvəqqətidir.
- Sirr deyilsə, neçə yaşınız tamam olur?
- Heç vaxt yaşımı gizlətməmişəm. 1941-ci ilin iyulun 23-də anadan olmuşam. Sabah düz 67 yaşım tamam olur. Fikrimcə, yaşadığım bu illər, bu ömür mənim qazancımdır.
- Bəs özünüz-özünüzü neçə yaşında hiss edirsiniz?
- Bugünkü xoşbəxt anımda özümü yaşımdan çox gənc hiss edirəm. Bu yaşımda nənə olmağımla fəxr edirəm. Mən nənə olmaqdan heç zaman qorxmamışam, əksinə bu mənim üçün böyük şərəfdir. Kənardan baxanda heç vaxt öz yaşımı verməyiblər. Ancaq cavanlığın yüngüllüyünü də duymuram. Mən həyatı görmüş, həyata dəyər vermiş, həyatın keşməkeşindən keçmiş, həyatdan yorulmuş bir insanam, ancaq heç zaman həyata açgöz münasibətim olmayıb. Mən həyatı dəyərləndirmirəm ki, Allaha yalvarım və əcəllə mübarizə aparım.
- Flora Kərimovanın ürəyində bir arzusu qalıbmı?
- O qədər qalan arzularım var ki... Arzu özü də Tanrıdan xahişdir. Arzum odur ki, qızımın övladını görüm, nəvəm Faiqi evləndirim. Nəticəmi də görmək istərdim...
- Nəyəsə görə peşimançılıq hiss keçirirsinizmi?
- Xeyr, heç nəyə görə peşiman deyiləm. İradəm olmasaydı, sınsaydım, dizim bükülsəydi, belim əyilsəydi peşiman olardım. Mən gücüm çatmayacaq yükün altına girdim, ancaq o sınaqdan alnıaçıq çıxdım. Peşman deyiləm ona görə ki, Tanrı mənə dərd vermədi. Tanrı mənə mübarizə və bu mübarizədə qalib gəlmək üçün iradə verdi. İtkilərimi çox ağır keçirirdim. Bu evin hər bir küncündə yalnız həyat yoldaşımın yox, həm də valideynlərimin izi və nəfəsi var. Bəlkə də bu gün məni saxlayan onların nəfəsidir.
- Hansı mahnını ifa etmək ürəyinizdə qalıb?
- Həmin mahnı hələ yazılmayıb. Mahnılarım arasında özümə həsr etdiyim mahnı olmayıb. Ancaq Zümrüdün atasına ithaf etdiyim bir mahnı var. İfa etdiyim mahnıların sırasında həyatımı özündə əks etdirən muisiqilər də var. Baxın:
“Qurtar məni bu əzabdan İlahi,
Qurtar məni istirabdan İlahi,
Qurtar məni məşəqqətdən İlahi,
Qurtar məni əziyyətdən İlahi
Yaradanda demişdin ki, sürünmə,
Bir dəvəyəm yerdə gəzən süründə,
Yığ üstümə nəyin varsa ərinmə,
Məşəqqətdən, istirabdan İlahi”
Bax bu misralara bənzəyir mənim həyatım. Bir də belə mahnım da olub, onu da böyük ağrı ilə oxumuşam:
“Əzəl gündən dünya yalan dünyadır,
Baha satan, ucuz alan dünyadır,
Arzularım nakam qalan dünyadır,
Dağılanı düzmək olmur, əzizim.
Heç bilməzdim daşım belə ağırdır,
Bəxtim belə biçarədir, faxırdır,
Gedəcəyəm göylər məni çağırdı,
Daha yerdə dözmək olmur əzizim”.
Anama və Zümrüdə ithaf etdiyim mahnılarım da olub.
- Ad gününüzdə yaman kövrəlmisiniz, deyəsən...
- Bəli, çox kövrəlmişəm... İndi də çox kövrəyəm. Ürəyim də başqa cür döyünür. Uşaq vaxtından məndə belə bir şey var, göz yaşım boğazıma kimi yandıra-yandıra gəlir, sonra da geri qayıdır. İndi də beləyəm. Ürəyim elə bil qəfəsdə çırpınır.
- Bəlkə yaşınızın çoxalması qorxudur Sizi?
- Yox, daha nə qorxmaq. Sözün düzü iki ay beynimi yaş artmaq qorxusu bürüdü və bundan sonra mən özümə söz veridm ki, yaşın artma qorxusunun məni üstələməsinə imkan verməyəcəyəm. Yaş qorxusu qadını qorxudanda, artıq onun zahiri görünüşü də onu qorxutmağa başlayır. Mən yaşımı gizlətmirəm və bundan da qorxmuram.
- Ad gününüzdə xüsusi arzuladğınız bir hədiyyə varmı?
- Mənim üçün ən böyük hədiyyə nəvəmin Azərbaycana gəlməsidir. Çox istəyirdim ki, nəvəm Azərbaycana bağlı olsun və elə bu belə də oldu. Nəvəm deyir ki, Azərbaycan çox işıqlıdır. Mənə elə bu cavab lazım idi.
- Çoxları Flora Kərimovanı bəxtəvər hesab edir. Bəs Siz necə, özünüzü xoşbəxt qadın sayırsınızmı?
- Mənə bəxtəvərlik oxuyanların həyatımla bağlı bilmədiyi məqamları çoxdur. Çox şükür edirəm ki, həyatımın müəyyən anları naməlumdur, amma bu anların hər biri məni ağrıdır. Bu məqamların çoxu mənim keçmiş ictimai həyatıma aiddir. İnanın mənə çox çətin olub, ancaq göz yaşımı nə oğlum, nə də qızım görüb. İtkilərimdən başqa, cəmi bir dəfə ağlamışam...
- Hamının mahnılarını ifa edirlər, amma Flora Kərimovanı ifaları təkrarlanmır, niyə?
- 50 il bundan əvvəl Bəxtiyar Vahabzadə demişdi ki, bu cür səs bir də dünyaya gəlməyəcək. Hələ ki, səsimin oxşarı yoxdur. Hərdən məndə qəbahət tuturlar ki, sən tələbələrin inkişaf etməsini istəmirsən. Mən musiqi kollecinə girəndə artıq səsim var idi və onu cilovlamaq üçün kollecə daxil olmuşdum. Ancaq indi öz səsimə, temrpimə uyğun hansı səsi götürüm ki. onun üzərində işləyim? Axı bir səsdə dörd çaların cəmlənməsi yoxdur.
- Flora Kərimovanı başqalarından fərqləndirən bir cəhət də heç zaman zinət əşyasından istifadə etməməsidir. Zinət əşyalarını sevrmirsiniz?
- Əvvəllər mənə bu sual ünvanlananda bildirirdim ki, əgər mən bəzənməyi sevsəm, özümdə olmasaydı da, qonşudan alıb geyinərdim. İlhamə isə deyirdi ki, “səndə olan heç kəsdə yoxdur, amma bununla belə sənə zinət yaraşmır”. Sözün düzü evdən çıxanda zinət əşyalarını salmağı, pul götürməyi, ətirlənməyi və dodağımı boyamağı unuduram. Hamıda deyir ki, Flora Kərimova makiyaj etmir, əslində unuduram.
- Filmlərdə yaddaqalan obrazlar yaratmısınız. Bu obrazların sırasına yenilərini əlavə etmək istərdinizmi?
- Ayaz Salayevin filminə dəvət almışdım. Həmin filmdə acı yumor olduğu üçün razılaşmadım. Sonralar da 5-6 filmə dəvət aldım, ancaq yenə də razılıq vermədim. Ondan sonra isə məni filmlərə dəvət etmədilər. Yəqin artıq anladılar ki, mən filmlərdə çəkilməyə razılıq vermirəm. O zaman “Mehman” filminin çəkilişində xanım vaxtlarım idi, həyat yoldaşım sağ idi, məni maşınla aparıb gətirirdi... Onda mən filmə hətta qonorarsız belə çəkilməyə razılıq verirdim. Bunu da hamı bilirdi. Filmə görə mənə müəyyən qədər pul verdilər, o pulu da uşaq bağçasına köçürdüm. Həyat yoldaışımı itirdikdən sonra isə xoşbəxt qadın obrazını yaratmq mənə qəribə gəlirdi, ona görə də heç bir filmə çəkilməklə razılaşmırdım.
- Özünüzə nə arzulayırsınız?
- Heç zaman Allahdan özümə ömür arzulamamışam. Çünki bu mümkün olan şey deyil. Allahdan arzum budur ki, nə qədər ömür verirsə, ləyaqətli versin, ömrümə ləyaqətsizlik yazmasın. Mənə bəxş etdiyi bu qürurla da bu dünyadan köçürsün...
- Ad gününüzü harada və kimlərlə keçirəcəksiniz?
- Bağda, öz ailəmlə bərabər keçirəcəyəm. Bu gün isə Azərbaycana gələn nəvəm Faiqin 17 yaşı tamam olur. Əsas onun ad gününü qeyd edəcəyik. Xoşbəxtliyin nə olduğunu bilməyən bir insan, indi də çaşmışam, mən xoşbəxtəm, ya yox... Amma onu bilirəm ki, insan xoşbəxtliyini yalnız ölüm ayağında anlayır. Ağlayanın, yerdən götürənin, səni yada salıb yanına gələnin varsa, onda ömrünü xoşbəxt yaşamısan...

P. S. Flora Kərimovanın ailə üzvləri də ona öz arzularını çatdırırlar. Oğlu
Oqtay anasına ürəyi istəyən kimi ömür arzulayır. Qızı Zümrüd “Ana, bizə bağışladığın dünyaya görə çox sağ ol” deyir, kürəkəni Nazim “əsas məsələ can sağlığıdır, ondan sonra hər şey özü gələcək” söyləyir. Flora xanımın nəvəsi Faiq isə “bu gün nənəm çox gənc görünür, daim belə qalmasını arzu edirəm. Mən onu çox istəyirəm. İstəyirəm ki, hər zaman belə xoşbəxt və mehriban olsun” deyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR