Bank Of Baku

Azərbaycan filminin “Oskar” nominasiyasında iştirak edib-etməyəcəyi bu axşam məlum olacaq

Azərbaycan filminin “Oskar” nominasiyasında iştirak edib-etməyəcəyi bu axşam məlum olacaq
# 22 yanvar 2009 13:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün tanınmış Amerika kino aktyoru Forest Uitaker Amerika Kino Sənəti Akademiyasının prezidenti Sid Heynisə 2008-ci il üzrə “Oskar” mükafatına namizədlərinin adlarını açıqlamaqda yardım edəcək. APA-nın məlumatına görə, ”Oskar” mükafatına namizədlərin adlarını ənənəvi olaraq Amerika Kino Akademiyasının Beverli-Hillzdəki Samuel Qolduinin teatrında elan ediləcək. 15 kateqoriyada qızıl heykəlciyə namizəddən 10-nun adı çəkiləcək. “Oskar” mükafatına namizədlərin seçimi Amerika Kino Akademiyasının 5810 üzvünün səsverməsi nəticəsində müəyyən edilib. Bülletenlərin qəbulu yanvarın 12-də dayandırılıb. “Xarici dildə ən yaxşı film” nominasiyasına namizədlərin seçimi isə bu il bir qədər fərqli formada həyata keçirilir. Bir həftə öncə akademiyaya mükafata namizədliyini irəli sürən 9 əcnəbi filmdən ibarət şort-list təqdim edilib. Hazırda akademiyasının xüsusi komitəsi Los-Anceles və Nyu-Yorkda nümayiş etdirilən həmin 9 film arasından 5 namizəd seçməlidir. Rusiyanın təqdim etdiyi Anna Melikyanın “Su pərisi” filmi isə şort-listə daxil edilməyib. Müşahidəçilərin fikrincə “Xarici dildə ən yaxşı film” nominasiyasında qalib gəlmək üçün əsas namizədlər İsrail rejissoru Ari Folmanın “Bəşirlə vals” filmi və fransız kinematoqrafçısı Loran Kantenin “Sinif” filmidir. Nominasiyalar üzrə qaliblər fevralın 22-də Hollivud bulvarında yerləşən “Kodak” teatrında elan olunacaqlar.

Qeyd edək ki, azərbaycanlı rejissor Şamil Nəcəfzadənin çəkdiyi “Qala” filmi ABŞ Kino Akademiyasının “Ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar” müsabiqəsinə təqdim olunub. Film Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası və “United Multimedia Profil” şirkəti tərəfindən istehsal olunub. Ş. Nəcəfzadə APA-ya açıqlamasında Azərbaycan filminin bu mükafata təqdim olunmasını ölkənin kino tarixi üçün önəmli hadisələrdən biri kimi qiymətləndirib: “Biz etiraf etməliyik ki, Amerika Kino Akademiyasının xəritəsində hələlik Azərbaycan kinosu yer tutmur. Bu müsabiqəyə ilk dəfə qatılmaqla mükafat qazanmaq mümkün deyil. Amma Azərbaycan kinosunun “Oskar” mükafatına təqdim olunması faktı ölkəmizin Amerika Kino Akademiyasının xəritəsində yer tutmasına zəmin yaradacaq”.

Xatırladaq ki, “Qala” filminin quruluşçu rejissoru Şamil Nəcəfzadə, ssenari müəllifi şair Ramiz Rövşən, operatoru Kənan Məmmədov, rəssamları Arif Məhərrəmov və Əziz Məmmədovdur. Filmdə baş rolları xalq artistləri Rasim Balayev və Firəngiz Mütəllibova canlandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR