Bank Of Baku

Oqtay Kazımi: “Bir-iki günə yazılan mahnıya mahnı deyə bilmərəm”

Oqtay Kazımi: “Bir-iki günə yazılan mahnıya mahnı deyə bilmərəm”
# 02 aprel 2009 09:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Bir-iki günə yazılan mahnıya mahnı deyə bilmirəm. Düşünürəm ki, qısa müddətdə yazılan mahnının keyfiyyəti aşağı düşər. Mənim aləmimdə yaxşı mahnı 8-9 aya, bəlkə də bir ilə ərsəyə gəlir. Burada söhbət mövzu qıtlığından getmir, çünki mövzu çoxdur. Əsas mahnını professional şəkildə təqdim etməkdir”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında xalq artisti, bəstəkar Oqtay Kazımi deyib. Bəstəkar tez-tez mahnı yazmağı xoşlamadığını da vurğulayıb: “Yaradıcılığımda hələlik heç bir yenilik yoxdur. Tez-tez mahnı yazmağı sevmirəm, həm də razılaşmıram ki, bir-iki günün içində mahnı yazmaq olar. Müğənnilərin əksəriyyəti bu gün nədənsə məhəbbət mövzularına müraciət etməyə üstünlük verirlər. Baxmayaraq ki, mənim yaradıcılığımda da haradasa məhəbbət mövzuları çox olub, lakin mən bu gün daha çox həyati mövzulara üstünlük verirəm”. Bəstəkar son vaxtlar müğənnilərin ifasında bayağı musiqilərin də səsləndiyini gizlətməyib: “Bunun əsas günahkarı müğənnilərdir. Çünki vaxtilə məşhur mahnıları, xalq mahnılarını oranjeman etdirib elə kökə salırlar ki, adam mahnıya qulaq asmaq istəmir. O qədər qəribə ifalar nümayiş etdirirlər ki, adam bilmir ki, bu mahnı hansı xalqa məxsusdur. Şəxsən mənim özümün də bir mahnımı – “Ayrılıq olmayaydı” mahnısını gənc müğənnilərdən biri bir neçə il bundan əvvəl yeni oranjemanda oxumuşdu. Mən o mahnını həzin mahnı kimi yazsam da, o, oranjeman etdirib ritmləşdirmişdi. İndi zəmanə bir qədər dəyişib, gənclər daha çox ritmik mahnılara üstünlük verir. Gördüm ki, bu mahnı da ritmik formada gənclər tərəfindən daha yaxşı qarşılanır. Ona görə də mən etiraz etmədim, baxmayaraq ki, bu, mənim xoşuma gəlmədi. Çünki gənclərə güzəşt etmək lazımdır. Onlar axtarışda ola-ola özlərini bu sənətdə tapmalıdırlar. Gənclərin daim axtarışda olması onların inkişafı deməkdir. Həm də çox istedadlı gənclər yetişir, onları ruhdan salmaq olmaz, əksinə hər birimiz onları dəstəkləməliyik. Eyni zamanda onlara düzgün yolu göstərməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR