Bank Of Baku

Səttar Bəhlulzadəyə həsr olunmuş “Sonuncu dərviş” bədii filminin təqdimatı keçirilib - FOTO

Səttar Bəhlulzadəyə həsr olunmuş “Sonuncu dərviş” bədii filminin təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 14 sentyabr 2010 16:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqında Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadəyə həsr olunmuş “Sonuncu dərviş” bədii filminin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, filmin ssenari müəllifi və quruluşçu rejissoru Ələkbər Muradov, quruluşçu rəssamı Ağəli İbrahimov, operatoru Manaf Quliyev, ikinci rejissoru Murad Muradovdur. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Ələkbər Muradov bildirib ki, saat yarımlıq bədii filmin çəkilişləri Quba, Xaçmaz, Bakı və Səttar Bəhlulzadənin anadan olduğu Əmircan kəndində aparılıb. Filmin rejissoru Səttar Bəhlulzadəni uşaqlıqdan tanıdığını və onun atası ilə bir sinifdə oxuduğunu diqqətə çatdırıb: “Səttar müəllim həftənin bazar günləri bizim evə gələrdi. Mən də rəsm işlərimi onunla bölüşürdüm, o da mənə ilham və ruh verirdi. Ondan başqa məni heç kim tərifləmirdi. Filmdə Səttar Bəhlulzadə obrazını onun qohumu canlandırıb, ancaq o, heç bir sənətin sahibi deyil və simaca Səttar Bəhlulzadəyə bənzədiyi üçün baş rola onu çəkdim. Bu mənim üçün çox çətin oldu”.

Ə. Muradov bildirib ki, ssenari 10 il əvvəl hazır olduğu halda filmi yalnız bu il çəkmək mümkün olub: “100 illik yubileyi ərəfəsində bu filmin hazırlanması böyük hadisədir. 10 il müddətində bu filmin istehsalına heç kim zamin durmadı. Nəhayət, İctimai Televiziyanın “Carçı” studiyası bu ssenarini bəyəndi və filmi istehsalına qərar verildi. Səttar Bəhlulzadənin şəxsi əşyalarını saxlayanlardan heç kim bizə kömək etmədi ki, biz onlardan istifadə edək. Ağəli İbrahimovdan başqa hamı qaçıb gizləndi. Səttar müəllimin 300-ə yaxın işini məhz Ağəli müəllim bizə verdi”.

Filmin rəssamı, eyni zamanda ekran işində epizodik rolla çıxış edən Ağəli İbrahimov Səttar Bəhlulzadənin çox gözəl insan və şəxsiyyət olduğunu dilə gətirib: “O bütün həyatını sənətinə həsr edib. Hər bir sənətkar, hər bir rəssam ona qibtə ilə yanaşıb. Səttar Bəhlulzadənin yaratdığı əsərlər yalnız Azərbaycanda yox, dünya rəssamlıq məktəbində böyük rol oynayıb. Onun Azərbaycan mədəniyyəti üçün gördüyü işlər isə danılmazıdır.

Çıxışlardan sonra Səttar Bəhlulzadənin həyat və yaradıcılığının əks olunduğu “Sonuncu dərviş” filmi nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR