Bank Of Baku

VII “START” Beynəlxalq Film Festivalında iştirak etmək üçün Kann, Venesiya festivallarının münsifləri ilə danışıqlar aparılır

VII “START” Beynəlxalq Film Festivalında iştirak etmək üçün Kann, Venesiya festivallarının münsifləri ilə danışıqlar aparılır
# 12 oktyabr 2010 13:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və “CİNEMA” Mərkəzinin təşkilatçılığı ilə VII “START” Beynəlxalq Film Festivalının qəbul qaydalarında dəyişiklik edilib. Festivalın direktoru Fehruz Şamıyevin APA-ya verdiyi məlumata görə, ilkin dəyişiklik festivalın strukturu ilə bağlıdır. Belə ki, bu ildən festival iştirakçıları yalnız tələbələrdən ibarət olmayacaq. “START” Beynəlxalq Tələbə Film Festivalı bu ildən başlayaraq 30 yaşına qədər gənc kinomanların qısametrajlı filmlərin yarışını da ayrıca müsabiqə ilə təşkil etmək niyyətindədir. O bildirib ki, 2011-ci ildən başlayaraq beynəlxalq qısametrajlı film festivalı kimi fəaliyyət göstərmək niyyətindədirlər. F. Şamıyev festivalla bağlı ikinci əsas dəyişikliyin münsiflər heyətinin tərkibi ilə bağlı olduğunu söyləyib. Onun sözlərinə görə, “START” Beynəlxalq Film Festivalın münsiflər heyətində təmsilçilərdən biri və ya bir neçəsi ictimaiyyəti təmsil edəcək: ”Bu dəyişiklik festivala ictimai diqqətin artırılması məqsədi ilə atılır. Təşkilatçılar Azərbaycanı dünyada şərəflə təmsil edən gəncləri jüriyə dəvət etməklə festivalın işinə rəng qatmaq niyyətindədirlər. Bu gənclərlə ilkin təmaslar yekunlaşıb və hazırda tərkibdə təmsil olunacaq şəxsin dəqiqləşdirilməsi yekunlaşmaqdadır. Festivalın beynəlxalq jürisinin heyətində də təmsilçilər ötən illərdən fərqlənəcək. Bu il biz jüridə Kann, Venesiya festivalları kimi beynəlxalq kino bayramlarda qalibləri seçmiş şəxslərlə danışıqlar aparırıq və onlardan biri iştirakla bağlı razılığını ifadə edib”. START Beynəlxalq Film Festivalda digər yenilik iştirakçı ölkələrin sayı ilə bağlıdır. Bu il iştirakçı ölkələrin sayının 30-a çatacağı gözlənilir: “Sevindirici hal ondan ibarətdir ki, iştirakçı olmaq arzusunda olan ölkələrin əksəri kino ənənəsi olan dövlətlərdi. Belə dövlətlərin sırasında Fransa, Rusiya, Çin, İran, Serbiya, Argentina və sair bu kimi ölkələr var”.
Xatırladaq ki, “START” Beynəlxalq Film Festivalını 2004-cü ildə “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi təsis edib. Azərbaycanın ilk peşəkar rejissoru Səməd Mərdanovun adını daşıyan festival növbəti illərdə digər ölkələrin tələbələrini də özünə cəlb etməklə əhatə dairəsini daha da genişləndirib. “START” Beynəlxalq Film Festivalının təşkilatçı və təsisçilərinin məqsədi regionda gənclərin ən mötəbər film festivalının məhz Azərbaycanda keçirilməsinə nail olmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR