Bank Of Baku

Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Özbəkistan nümayəndə heyətini qəbul edib

Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Özbəkistan nümayəndə heyətini qəbul edib
# 25 oktyabr 2010 15:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan “Özbəkkino” Milli Agentliyinin baş direktorunun müavini, Özbəkistanın əməkdar mədəniyyət xadimi Cahangir Kasımovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, nümayəndə heyətinə Özbəkistanın xalq artisti, aktyor Ulmas Əlixodjayev, Özbəkistanın əməkdar incəsənət xadimi, kinorejissor Kamara Kamalova, rejissor və aktyor Mansur Abduxalikov daxildir. Nazir görüşdə iki ölkə arasında mədəni əməkdaşlığın güclənməsindən məmnunluğunu ifadə edib. Ə. Qarayev Azərbaycanın mədəniyyət ocaqlarında gedən təmir-bərpa işləri barədə qonaqlara məlumat verərək deyib ki, “Nizami” kinoteatrında aparılan əsaslı təmir işləri yekunlaşdıqdan sonra həmin məkanda çoxsaylı beynəlxalq kino festivallar həyata keçiriləcək. Azərbaycanda kino-prokat sahəsində çatışmazlıqların olduğunu da qeyd edən nazir bu problemlərin aradan qaldırılması yönündə lazımi işlərin aparıldığını vurğulayıb.
Özbəkistan nümayəndə heyətinin rəhbəri Cahangir Kasımov Azərbaycanda bu gün start götürəcək Özbəkistan Kino Həftəsi üçün maraqlı proqram tərtib edildiyini diqqətə çatdırıb. Qonaq Azərbaycan kinematoqrafiyası ilə yaxından tanış olduğunu, “Arşın mal alan”, “Qaynana” kimi filmləri çox bəyəndiyini açıqlayıb.
Qeyd edək ki, Özbəkistan kino günlərinin təntənəli açılış mərasimi bu gün axşam Gənc Tamaşaçılar Teatrında keçiriləcək. Oktyabrın 26-da Özbəkistan nümayəndə heyətinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, “Azərbaycanfilm” kinostudiyasında görüşləri olacaq. Qonaqlar İçərişəhərə, Şirvanşahlar sarayı, Müasir İncəsənət Muzeyi ilətanış olacaq, dahi özbək şairi Əlişir Nəvainin Bakıdakı abidəsini ziyarət edəcəklər.
Özbəkistan Kino Günləri çərçivəsində Azərbaycan tamaşaçıları özbək kinematoqrafçıları tərəfindən hazırlanmış “Səma altında yol”, “Ötən günlər”, “18-ci kvadrat” bədii filmlərinə, “Şərq dürdanəsi” “Registan. Səmərqənd gövhəri” sənədli filmlərinə baxmaq imkanı əldə edəcəklər. 236 nömrəli məktəbdə isə “Özbəkistan çizgi filmləri günü” baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR