Bank Of Baku

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Dövlət Milli Dram Teatrında hazırlanacaq tamaşada iştirakdan imtina edib

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Dövlət Milli Dram Teatrında hazırlanacaq tamaşada iştirakdan imtina edib
# 28 oktyabr 2010 10:20 (UTC +04:00)
APA-nın xəbərinə görə, əsaslı təmir olunmuş Akademik Milli Dram Teatrında bu günlərdə səhnəyə qoyulacaq tamaşalara dəvət olunan aktrisa rejissorlara “yox” cavabı verib.
Teatrın direktoru İsrafil İsrafilov APA-ya açıqlamasında bu xəbəri təsdiqləyib və bildirib ki, Şəfiqə Məmmədova imtinanın səbəbini işinin çoxluğu ilə əlaqələndirib: “Hər bir rejissor səhnəyə qoyduğu tamaşada güclü yaradıcı heyət arzulayır. Şəfiqə xanıma da təklif olunub və o, imtina edib. Rejissorlar mənə öncədən xəbər verirlər ki, bu aktyor və ya aktrisaya təklif etmək istəyirik. Sözsüz ki, mən də onların qərarlarına hörmətlə yanaşıram və onlar təkliflərini edirlər. Rejissor tamaşasının konsepsiyasına uyğun aktyor axtarışında olur. Şəfiqə Məmmədova işinin çox olduğunu deyib və rejissorun təklifini qəbul etməyib. Bu Şəfiqə xanımın öz qərarıdır”.

İ. İsrafilov deyib ki, teatrda güclü aktyor heyətinin olması tamaşaların yüksək səviyyədə alınması ilə nəticələnir.

Qeyd edək ki, Şəfiqə Məmmədova teatrın səhnəsində Uilyam Şekspirin "Hamlet" (Gertruda), Aleksandr Şirvanzadənin "Nakam qız" (Sona), Lev Tolstoyun "Canlı meyit" (Maşa), Çingiz Aytmatovun "Ana torpağı" (Cenşengülün arvadı), Hüseyn Cavidin "Xəyyam" (Sevda), Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" (Pırpız Sona), Fridrix Şillerin "Məkr və məhəbbət" (Ledi Milford), Yucin O’Nilin "Qızıl" (Süzen) faciələrində, İlyas Əfəndiyevin "Bağlardan gələn səs" (Gülcan), "Mənim günahım" (Nurcahan), "Məhv olmuş gündəliklər" (Anjel), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (Nihal), İmran Qasımovun "Nağıl başlananda" (Tahirə) lirik-psixoloji dramlarında, Mirzə İbrahimovun "Bəşərin komediyası və ya Don Juan" (Teadora), Maksim Qorkinin "Meşşanlar" (Yelena Nikolayevna), Səməd Vurğunun "İnsan" (Nataşa), Raço Stoyanovun "Qısqanc ürəklər" (Milkana), Cəfər Cabbarlının "Aydın" (Gültəkin), Nikolay Poqodinin "Zamanın hökmü" (İrina), Əkrəm Əylislinin "Yastı təpə" (Bəyaz) pyeslərində yaddaqalan obrazları yaradıb. Ancaq neçə ildir ki, aktrisa bu teatrda işləmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR