Bank Of Baku

Xalq artisti Mənsum İbrahimovun 50 illik yubileyi dövlət səviyyəsində qeyd edilib

Xalq artisti Mənsum İbrahimovun 50 illik yubileyi dövlət səviyyəsində qeyd edilib
# 03 noyabr 2010 08:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimovun anadan olmasının 50 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib. APA-nın məlumatına görə, Azərbaycan prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunan xalq artistinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən orden təqdim edilib.
Nazir Mənsum İbrahimovun yaradıcılığından söz açıb, onun Azərbaycan səhnəsində ən uzunömürlü Məcnun olduğunu vurğulayıb: “Hər bir azərbaycanlı sevinir ki, bu Vətənin Mənsum İbrahimov kimi sənətkarı var. O, həm insanlığı, həm də sənətkarlığı ilə xalqın böyük sevgisini qazanıb. Ona bu ordeni təqdim etməkdən şərəf duyuram”.
Gecədə Mustafa Çəmənlinin ssenarisi əsasında hazırlanan, Mənsum İbrahimovun həyat və yaradıcılığına həsr edilmiş “Zirvəyə ucalan səs” sənədli filminin də nümayişi təşkil edilib.

Akademik Vasim Məmmədəliyevin aparıcılığı ilə keçirilən yubiley tədbirində çıxış edən akademik Bəkir Nəbiyev Mənsum İbrahimovun ifasını dinləyəndə yorulmadığını, özünü göydə hiss etdiyini vurğulayıb. Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub, Milli Musiqi Konservatoriyanın rektoru, xalq artistləri Siyavuş Kərimi, xanəndələr Arif Babayev, Canəli Əkbərov, Əlibaba Məmmədov və başqaları yubilyarı təbrik edib, ona arzularını bildiriblər.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Səkinə İsmayılova, Nəzakət Teymurova, Aygün Bayramova, Zabit Nəbizadə, Səbuhi İbayev, Təyyar Bayramov və digərlərinin ifaları dinlənilib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən hazırlanan, sənətkarın həyat və yaradıcılığını əks etdirən sərgi nümayiş etdirilib. Yubiley tədbiri xalq artisti Mənsum İbrahimovun ifası ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR